İnvestisiyadan hərtərəfli strateji tərəfdaşlığa: Azərbaycan-Çin münasibətlərində artan inkişaf dinamikası
Azərbaycan-Çin əlaqələri 1991-ci ildə müstəqilliyimiz bərpa etdikdən sonra artan dinamika üzrə inkişaf edib və 1992-ci ildə iki ölkədə də diplomatik nümayəndəlikləri açılıb və o dövrdən başlayaraq münasibətlər mütəmadi olaraq müxtəlif səviyyələrdə inkişaf prosesi keçib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, 1995-ci ildən başlayaraq bu günədək Çin şirkətləri Azərbaycan iqtisadiyyatına təxminən 1 milyard civarında investisiya qoyub:
“Paralel olaraq Azərbaycan da Çin iqtisadiyyatına bu illər ərzində 2 milyard civarında investisiya qoyub. “Bir kəmər, bir yol” layihəsinin iki ölkə arasında, eləcə də region ölkələri üçün iqtisadi münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyəti var. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, Asiya ilə Avropa arasında bir körpü rolu oynayır və burada həyata keçirilən infrastruktur layihələri də imkan verir ki, Azərbaycan tranzit ölkə olaraq bu proseslərdə əhəmiyyətli rol oynasın. Bu baxımdan Azərbaycan Çin və region ölkələri üçün kifayət maraqlı bir dövlət kimi xarakterizə olunur”.
Millət vəkili vurğulayıb ki, bu dövr ərzində müxtəlif ikitərəfli sənədlər imzalanıb:
“Xüsusilə də 2019-cu ildə Pekin Beynəlxalq Forumunda iki ölkə arasında iqtisadiyyat, sənaye və investisiya sahələrini əhatə edən 10 sənəd imzalanıb. Bunun nəticəsi olaraq da son beş il ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsi iki dəfədən artıq çoxalıb və artıq 3,5 milyard dollardan çox ticarət mübadiləsi var. Bunun sayəsində Çin Azərbaycan üçün iqtisadi baxımdan dördüncü tərəfdaş olan ölkə kimi də xarakterizə olunmaqdadır. Münasibətlərin kuliminasiya nöqtəsi olaraq ötən il iyulun 3-də iki ölkə arasında imzalanmış müqaviləni diqqətə almaq lazımdır. Bu bəyannamə bütün sahələrdə strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir”.
Deputat əlavə edib ki, Azərbaycan-Çin əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici siyasətin kifayət qədər böyük önəmi var:
“Azərbaycanın əhəmiyyətinin artması təkcə neft, qaz sektorunda deyil, eləcə də bərpaolunan enerji, “yaşıl enerji”nin əldə olunması və ixracı məsələlərində də Çin Xalq Respublikası ilə əlaqələrin dərinləşməsi, təbii ki, hər iki ölkə üçün kifayət qədər faydalı olacaq. Çin şirkətlərinin gələcəkdə də Azərbaycan iqtisadiyyatına investisiyalar yatırması, müxtəlif infrastruktur layihələrində iştirakı hədəflənir. Azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin reallaşmasında Çin şirkətlərinin rolu böyükdür”.
A.Əlizadə qeyd edib ki, iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafı bütövlükdə bölgədə sülh, sabitlik, dayanıqlı iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verəcək.