NIPA-30

İranın Zəngəzur siyasəti DƏYİŞİR?

“Azərbaycan bütün qonşu və region dövlətlərlə bərabərhüquqlu müstəvidə normal münasibətlərin inkişafında maraqlıdır. İran Azərbaycanla qonşu dövlətdir, eyni zamanda bizi bir çox tarixi köklər bağlayır. Bu ölkədə bizim 40 milyona yaxın soydaşlarımız yaşayır. Onların hüquqlarının müdafiəsi hər zaman dövlətimizin diqqət mərkəzində olub”. 

Bunu Ajans.az-a açıqlamasında AMİP sədri, deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, son dövrlərdə İran rəsmilərinin yürütdükləri yanlış siyasət nəticəsində bölgədə ciddi gərginliklərin olması da sirr deyil:

“Təəssüf olsun ki, Azərbaycana müstəqillik əldə etdikdən sonra qonşu dövlət tərəfindən heç də xoş olmayan münasibət sərgilənib. Torpaqlarımız 30 il işğal altında olanda da, 44 günlük müharibə dövründə də, ondan sonra da biz İranın dost olmayan münasibətini görmüşük. Əvəzində işğal edən tərəfə – Ermənistana 30 il ərzində dəstək verilib. Erməni rəsmiləri özləri də dəfələrlə etiraf ediblər ki, İranın dəstəyi olmasaydı, Ermənistan bu illər ərzində bəlkə də ayaq üstə qala bilməzdi.

Biz torpaqlarımızı azad etdikdən sonra “Ermənistanın sərhədləri və ərazi bütövlüyü qırmızı cizgimizdir” deyən İran rəsmilərini gördük. Bütövlükdə İranın bu davranışları həmişə tərəfimizdən qınanıb, amma bunlara baxmayaraq biz keçmişə yox, irəliyə baxmağı seçirik. Gələcəkdə iki ölkə arasında münasibətlərin daha yaxşı istiqamətdə inkişafında maraqlı olduğumuzu bəyan edirik”.

Arzuxan Əlizadə həmçinin qeyd edib ki, Pezeşkian Azərbaycan türküdür və özü də dəfələrlə bunu bəyan etməklə hazırda İranda yaşayan soydaşlarımızla bağlı bir sıra problemlərin aradan qaldırılmasını seçkilərdə verdiyi vədlərlə öz üzərinə götürüb:

“Əgər bu problemlər həll olunacaqsa, iki ölkə arasındakı münasibətlərə müsbət töhfəsini vermiş olacaq. Eyni zamanda bir sıra iqtisadi münasibətlər mövcuddur. Müştərək layihələrin həyata keçirilməsi gündəmdədir. Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvana gediş-gəlişlə bağlı avtomobil yolunun çəkilməsi layihəsi həlledici mərhələyə çatıb. 

Qarşıda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ var ki, İranın bununla bağlı heç də xoş olmayan, Azərbaycanın siyasətinə qarşı bir mövqeyi var. Bu məsələdə də İranın nəhayət ki, öz siyasətində dəyişiklik edəcəyini gözləyirik”.