Separatçıların odla oyunu: Bakının səbri bitir – son damla!
Rusiyanın “xeyir-duası” ilə İrəvanda “artsax” tör-töküntüləri özünə “prezident” seçir; Moskvanın çirkin planında Paşinyan iqtidarının da “əli” varmı?
Kapitulyant Ermənistanda separatçıların Azərbaycan əleyhinə təxribatları artmaqdadır. Belə görünür ki, həm də Nikol Paşinyan hakimiyyətinin “yüngül əli” ilə və loyallığı fonunda.
“Böyük ehtimalla, “artsax respublikası”nın yeni prezidenti mayın 26-da bəlli olacaq. “Konstitusiya”ya əsasən namizədlər 7 gün ərzində irəli sürülməli, “prezident” isə 10 gün ərzində, yəni mayın 31-dək seçilməlidir”. Belə bir sərsəmləməni mifik “artsax parlamenti”nin mifik deputatı Metakse Akopyan bildirib.
Onun sözlərinə görə, artıq bazar ertəsi “atsax”ın yeni “prezidenti” ola bilər. “Əsas odur ki, biz prezident institutunu qoruyub saxlaya bildik. Konstitusiyaya əlavə və dəyişikliklər artıq atılmış böyük addım idi. Qalanları texniki məsələlərdir. Bu barədə rəsmi açıqlama veriləcək”, – Akopyan çoxdan gorbagor olmuş saxta qurum haqda iddialı şəkildə danışarkən bildirib.
Qeyd edək ki, ötən həftə, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistandan gedəndən bir gün sonra Aşot Danielyan oyuncaq “parlamentin” yeni oyuncaq sədri “seçilib”. Onun “sələfi” David İşxanyan hazırda Bakıda mühakimə olunanlardan biridir. Demək, Danielyan da hazırlaşsın.
Bakıya qarşı bu oyunlar nədən xəbər verir? Erməni mediasının yazdığına görə, Lavrov səfər zamanı Paşinyan hökumətinə “artsax institutlarını” saxlamağı tapşırıb. Bəs Paşinyan iqtidarı? Hökumət separatçı-revanşistlərin avantürasını önləyəcəkmi, ümumiyyətlə, onların yığışdığı ofis bağlanacaqmı?
Bu da diqqətçəkicidir ki, həmin gün – mayın 26-da Fransanın xarici işlər nazir Ermənistanda səfəri gözlənilirdi. Təsadüfdürmü?
Yeri gəlmişkən, mayın 20-də Erməni Apostol Kilsəsinin (AAK) “Artsax Yeparxiyası”nın “primatı”, yepiskop Vrtanes Abramyanın təşəbbüsü və yeparxiya şurasının üzvlərinin iştirakı ilə “Artsax hökumətinin üzvləri” ilə görüş keçirilib.
Tribunainfo.az məlumat verir ki, tədbirdə Ermənistanın dövlət naziri Aram Sarkisyan da iştirak edib. Bu da Paşinyan hökumətinin Qarabağla bağlı mövqeyində səmimi olmadığını bir daha sübut edir. Hərçənd rəsmi İrəvan “artsax” adı ilə fəaliyyəti milli təhlükəsizliyə təhdid adlandırır. Amma hökumət nümayəndəsi separatçıların tədbirinə gedir.
Musavat.com isə xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən regionda gərginliyi artıracaq açıqlama ilə çıxış edib. O, İrəvanda keçirilən “Yerevan Dialoqu-2025″ adlı beynəlxalq forumda “etnik təmizləmə” ritorikasını gündəmə gətirib və bildirib: “Etnik təmizləmələr bizdən o qədər də uzaqda deyil, onların şahidiyik. Biz bu faciələrlə sərhədlərimizdə rastlaşmışıq. Ukrayna və Qəzza əzabları tək hal deyil, sistemin uğursuzluqlarının nəticəsidir”.
Mirzoyanın bu açıqlaması təsadüfi deyil. Son günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri və bu səfərdən sonra Ermənistanda dəyişən ritorika diqqətdən yayınmamalıdır. Xüsusilə Ermənistanın həm müxalifətində, həm iqtidarında, həm də mediada revanşist ritorika güclənir, yeni iddialar səsləndirilir. Hətta məlumata görə, “artsax” adlanan qondarma qurumun “prezidenti” seçilmək üzrədir – bu isə açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatdır.
AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, Şahramanyan qondarma qurumun buraxıldığını elan edib və qərar imzalayıb: “Onlar Qarabağdan könüllü getdikdən sonra İrəvanda bir müddət fəaliyyət göstərdilər, qondarma rejimin bərpasına cəhd etdilər. Əslində Ermənistan hökuməti bu məsələdə bəzi boşluqlar buraxdı. Halbuki Paşinyan ”artsax” adlı uydurma subyektin varlığının əleyhinədir. Hətta açıq şəkildə deyilib ki, “Ermənistanda hökumət içində hökumətin olmasına imkan verilməyəcək”. Onlara cinayət işi də açılmışdı. Ancaq Rusiyanın təzyiqi nəticəsində hökumətin geri çəkildiyini görmək olar. İndi isə Şahramanyan adlı separatçı qondarma qərarını qüvvədən salan növbəti oyuncaq addım atıb. Fikrimcə, burada Rusiyanın təsiri var”.
Deputatın sözlərinə görə, Lavrovun İrəvana səfərindən sonra separatçılar aktivləşib: “Bu səfər çərçivəsində Rusiyanın qondarma qurumun fəallaşması barədə göstərişinin olduğunu istisna etmirəm. Bu dairələrin işi Azərbaycan-Rusiya əlaqələrinə də zərər vurmaqdır”.
A.Əlizadə bildirib ki, hazırda qondarma qurumu dirçəltmək cəhdləri var: “Onların fəallaşması Azərbaycanla Rusiya münasibətlərinə zərər vurur. Bu qüvvələr kapitulyasiya edib, bir hissəsi Bakıda mühakimə olunur, yerdə qalanlar isə İrəvanda təlimat əsasında aktivləşib. Burada şimal qonşumuzun rolunu istisna etmirəm. Yəni separatçı qüvvələrdən istifadə edilir, sülh prosesi ləngiyir, Paşinyana daxildə ciddi təzyiq göstərilir”.