NIPA-30

Siyasi birlik, milli həmrəylik: “Bu, təqdirəlayiq təşəbbüsdür”

İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Qarabağa növbəti, sayca yeddinci birgə səfəri baş tutub.

Məhz Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan bu növbəti birgə səfər, siyasi dialoqun təşviqi, milli həmrəyliyin möhkəmləndirilməsi və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin yerində izlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident Administrasiyasının təşəbbüsü ilə reallaşan layihə təkcə siyasi partiyalararası dialoqu dərinləşdirmir, eyni zamanda müxtəlif ictimai-siyasi institutların Qarabağda aparılan yenidənqurma proseslərinə birbaşa şahidlik etməsini təmin edir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə Qarabağa, işğaldan azad olunmuş ərazilərimizə növbəti, sayca yeddinci səfəri baş tutub:

“2021-ci ildən başlayaraq Ağdam, Şuşa, iki dəfə Zəngilan, Laçın və digər işğaldan azad olunmuş ərazilərə səfərlər həyata keçirilib. Bu səfərlərin təşkilində qeyd etdiyim şöbənin əməkdaşlarının, xüsusilə şöbə rəhbərinin rolu böyükdür”.

Onun sözlərinə görə, bu səfərlərin təşkili olduqca ciddi və vacib məsələdir:

“Biz 30 ilə yaxın müddətdə həmin torpaqları görmək, ora qayıtmaq həsrəti ilə yaşamışıq. İndi isə, işğaldan azad olunduqdan sonra həmin bölgələrə səfərlərin təşkil olunması, eyni zamanda bu səfərlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin həmin ərazilər üzrə xüsusi nümayəndələrinin, səlahiyyətli şəxslərin geniş və ətraflı məlumatlar verməsi, görülən və görüləcək işlər, məskunlaşma məsələləri, məşğulluq, kommunikasiya xətləri və gələcək planlarla bağlı təqdimatlar  çox əhəmiyyətlidir.

Xüsusilə də siyasi partiya rəhbərlərinin, politoloqların, media nümayəndələrinin bu proseslərlə bağlı yerində məlumat alması, məlumatlandırılması, gələcəkdə aparılacaq təbliğat və izahat işlərində bizlər üçün ciddi əsas yaradır.

Həmçinin, bu səfərlər bizə, vətəndaş kimi, hansı gözləntilərimizin hansı formada qarşılanacağı ilə bağlı da aydın təsəvvür verir. Bu baxımdan, bu səfərləri yüksək qiymətləndirir və dəyərləndirirəm. Bu, çox təqdirəlayiq bir təşəbbüsdür.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin bu proseslərdə aktiv iştirakı, səfərlərin təşkili ilə bağlı göstərdiyi əmək tərəfimizdən yüksək dəyərləndirilir. Bu cür səfərlərin davamı olacaq”.

Millət vəkili qeyd edib ki, bu səfərlər vasitəsilə biz Qarabağımızın və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı əyani şəkildə bilgilər əldə edirik, müşahidələr aparırıq, təkliflərimizi veririk və bu təkliflər də, real imkanlar nəzərə alınaraq, müəyyən qədər dəyərləndirilir:

“Eyni zamanda bu səfərlər siyasi partiyalar arasında münasibətlərin normal məcrada inkişafına da şərait yaradır. Bu, barış mühitinin formalaşması və davamlı olaraq qorunmasına da öz töhfəsini verir ki, bu da olduqca vacib məsələdir.

Bildirim ki, hər səfərdən sonra təəssüratlarımız daha da artır. Qarabağda yeni infrastrukturun qurulması, insanların ora qayıtması, məşğulluğun təmin olunması və 30 il işğal altında qalan torpaqlarımızda həyatın yenidən başlaması bizi hər dəfə qürurlandırır.      

Dünənki səfərimiz zamanı Cəbrayıl şəhərində olduq. Artıq bir qrup insanın geri qayıtdığını, yeni tikilmiş binalarda məskunlaşdığını gördük. Onların məşğulluq məsələlərinin həlli istiqamətində atılan addımları yerində müşahidə etdik.

Zəngilanda yeni salınmış kəndlərə baş çəkdik, yeni tikilmiş məktəb kompleksi ilə, məscidlə tanış olduq. Xatırladım ki, Zəngilanda vaxtı ilə mövcud olan məscid ermənilər tərəfindən təkcə dağıdılmayıb, eyni zamanda orada donuz saxlanılıb və bu, açıq-aşkar təhqir və barbarlıq idi. Həmin dağıdılmış məscidi də ziyarət etdik, şəhidlərimizin ruhuna dualar oxundu.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Çünki bu gün bu yerləri görə bilmək imkanını bizə onlar qazandırıblar. Qürurumuzun təməlində onların fədakarlığı dayanır. Zəngilan ərazisində yaradılan sənaye parkı ilə də tanış olduq. Burada sahibkarlıq subyektləri artıq fəaliyyətə başlayıb və yaxın gələcəkdə yeni rezidentlərin də prosesə qoşulması gözlənilir.

Bütün bu görülən işlər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə xidmət edir. Bərpa olunan torpaqlarımıza insanların qayıdışı, həyatın yenidən canlanması hər birimizi dərindən sevindirir və fərəhləndirir”.