Zəngəzur dəhlizinə nəzarət uğrunda savaş gedir — Deputat
“Bu gün sirr deyil ki, böyük güclər arasında Zəngəzur kommunikasiya qovşağına nəzarət üzərində ciddi savaş gedir. Bu bölgədən Rusiyanın sıxışdırılıb çıxarılması və onun yerini Fransa başda olmaqla Avropa ölkələrinin tutması siyasəti yürüdülür. Burada Fransa flaqmandır, ermənilərlə olan münasibətlərindən istifadə edərək bölgəyə yerləşmək siyasəti yürüdür”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, Zəngəzur bölgəsində sanki konsulluqlar açılması yarışına giriblər:
“Əvvəlcə İran tələsik bir konsulluq açdı. İndi də Fransa açdı, Rusiya da bununla bağlı niyyətini bəyan edib.
Reallıq bundan ibarətdir ki, Avropa güclərinin, xüsusən Fransanın bir dayaq nöqtəsi var. Mülki müşahidə missiyası altında əslində kəşfiyyat missiyası yerinə yetirən üzvlər üçün orada ofis var. Oradan müəyyən məsələlər koordinasiya olunur. Zəngəzur dəhlizinə nəzarət uğrunda bu ölkələr arasında savaş gedir. Konsulluq açmaq niyyəti də bu hədəfin halqalarından biridir”.