Qərbi azərbaycanlıların haqqını başqa dünya qurumları nə vaxt tanıyacaq?
Qərbi azərbaycanlıların qayıdışına beynəlxalq aləmin ardıcıl və prinsipial dəstəyi davam edir. TÜRKPA-nın 2025-ci il iyunun 12-də Astana şəhərində keçirilmiş sessiyasında Assambleya bir daha Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlığını ifadə etdi və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququnu dəstəklədi.
Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. Qeyd olunub ki, bu qərar insan hüquqlarına, ədalətə və sülhə xidmət edir: “Qərbi Azərbaycan İcması prinsipial, ardıcıl və ədalətli mövqeyinə görə TÜRKPA-ya və onun üzvü olan parlamentlərə təşəkkürünü bildirir”.
Ümumiyyətlə, Azərbaycan təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatında, digər yaxından əməkdaşlıq etdiyi təşkilatlarda Qərbi Azərbaycana qayıdışla bağlı dəstəyi təmin edə bilərmi? Bunun üçün nə etmək lazımdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, yeni dünya nizamında tarixi ədaləti bərpa etmək ən prioritet və prinsipial məsələlər sırasındadır: “TÜRKPA-nın sessiyasında Assambleyanın Ermənistan ərazisindən deportasiya edilən azərbaycanlıların taleyindən narahatlığını ifadə etməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (1948) ümumi prinsiplərini özündə ehtiva edir. Bu Bəyannamənin 13-cü maddəsində deyilir: “Hər bir insan hər hansı bir dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir”. 2-ci bəndində daha konkret olaraq: “Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var”-deyə bildirilir. Bu maddələrdə əksini tapan prinsiplər bütün dünya dövlətləri tərəfindən qəbul olunmuş fundamental insan hüquqlarının təməl prinsipləri sırasındadır. Bunun üzərinə qaçqınların hüquqlarını əlavə etsək mənzərə daha aydın olar. Ermənistan 1988-1991-ci illərdə ən son deportasiyanı (zorla öz yurdlarından köçürülmə) prosesini həyata keçirməklə yüz minlərlə azərbaycanlının təməl hüquqlarını pozaraq bütün dünyanın gözü qarşısında etnik təmizləmə siyasətini həyata keçirdi. Hazırda dünyada baş verən proseslər onu deməyə əsas verir ki, yeni dünya nizamında tarixi ədaləti bərpa etmək ən prioritet məsələlər sırasındadır. Ermənistan siyasi rəhbərliyi çox yaxşı başa düşür ki, münaqişədən əvvəlki vəziyyəti bərpa etmədən hər hansı daimi sülhdən söhbət gedə bilməz. Ermənistandan zorla qovulmuş azərbaycanlılar öz doğma yurdlarına qayıtmalı, onların ləyaqətli həyat şəraitini təmin etməyi Ermənistan öz üzərinə götürməlidir. Belə olan halda həm tarixi ədalət öz yerini tutacaq, həm də Ermənistanla Azərbaycan arasında dərin etimad mühiti yaratmaq mümkün olar. Bütün bu sadaladıqlarım beynəlxalq hüququn təməl prinsipləridir. BMT Qaçqınlar üzrə ixtisaslaşmış təşkilatların çağırışları da elə bundan ibarətdir. TÜRKPA-nın bu istiqamətdə atdığı mütərəqqi addımları yüksək qiymətləndiririk. Bunu İslam Əməkdaşlıq Təşkilatnın, Qoşulmama Hərəkatının çərçivəsində etmək mümkündür. Bununla bağlı həmin beynəlxalq təşkilatlarla işləmək lazımdır. Bu qurumların prosesdə iştirakı, təşəbbüsləri tarixi ədalətin bərpasına kömək edə, bu missiyanın müsbət sonluqla başa çatmasına imkan yarada bilər”.