NIPA-30

Tramp və Nobel Sülh Mükafatı – O, buna layiqdirmi?

“Trampın Nobel Sülh Mükafatı almağa layiq lider olduğunu düşünmürəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsini şərh edərkən deyib.

Arzuxan Əlizadə bildirib ki, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton başda olmaqla bir sıra keçmiş rəsmilər, bu ölkənin Ukraynadakı keçmiş səfiri Trampın Nobel Sülh Mükafatı almaq uğrunda ciddi çaba göstərdiyini xüsusi olaraq vurğulayıblar:

“Bolton hətta qeyd edib ki, vaxtilə Obama Nobel sülh mükafatı alandan sonra Tramp onun buna layiq olmadığını bildirmişdi. Tramp isə Ukraynada sülhə nail olmaq, digər münaqişə ocaqlarını söndürməklə bu mükafata sahib olmaq istəyir. Təbii ki, sözügedən münaqişələr ətradında ciddi sülh razılaşmalarına nail olacaqsa, Tramp Nobel Sülh Mükafatı almağa müəyyən qədər haqlı olacaq. Amma görünən odur ki, Tramp 5 aydır hakimiyyətdə olsa da, istəyinə nail ola bilməyib. Əksinə, Ukrayna müharibəsi daha da qızışıb. Yaxın Şərqdə isə növbəti münaqişə ocağı yaranıb. Habelə digər bölgələrdə də münaqişələrin alovlanması riski böyükdür. Ona görə də indiki halda Trampın Nobel Sülh Mükafatı almağa layiq lider olduğunu düşünmürəm”.