NIPA-30
arzuxan

İcra hakimiyyətləri ləğv olunacaq? – Deputat DANIŞDI

“Zaman-zaman deyilir ki, idarəetmədə müəyyən islahatlara, yenilənməyə getməyə ehtiyac var. Prezident İlham Əliyev öz çıxışlarından birində demişdi ki, icra hakimiyyətləri struktur olaraq Sovet dövründən qalma qurumdur, yenilənməlidir. Belə bir ənənə də var artıq. Bir neçə ildir Prezidentin səlahiyyətli nümayəndələri var və səmərəli fəaliyyət göstərirlər. Hazırda yalnız işğaldan azad olunan ərazilərə və Naxçıvana nümayəndə təyin olunub. Amma görünən budur ki, digər bölgələrə də Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, rayon icra hakimiyyətlərinin başçıları digər icra hakimlərinin həbslərindən dərs çıxarmırlar:

“Bir müddət öncə də icra hakimiyyəti başçıları ilə bağlı analoji vəziyyət gündəmə gəlmişdi. Onların arasında həbs olunan, cinayət məsuliyyətinə cəlb olunanlar var. “Gözü çıxan qardaşdan dərs çıxarmamaq” deyə bir misal var. Təəssüf ki, icra başçılarının cinayətlərinə görə həbs olunmasından digər icra başçıları dərs çıxarmır deyə, eyni hallar təkrarlanır.

Mən hesab edirəm ki, bu məsələ daha çox insan faktoru ilə əlaqəlidir. Biz ümumi deyə bilmərik ki, əgər bir icra başçısı bunu edirsə, deməli, digərləri də elədir. İcra etdiyi vəzifənin adından asılı olmayaraq, əgər cinayətə, qanundan kənar fəaliyyətə meyillidirsə, həmin şəxs onu edəcək. Vəzifəyə qoyulan şəxslər vicdanlı fəaliyyət göstərməyə borcludurlar”.

Qeyd edək ki, son olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.