NIPA-30

Afsəddin Nəbiyev: “Rəqəmlər onu deməyə əsas verir ki, İtaliya Azərbaycanın bir nömrəli strateji müttəfiqidir”

Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır:

“Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır”.

Biri Avropa İttifaqının, “Böyük yeddilər”in aparıcı üzvlərindən biri, digəri Şərqin aparıcı dövləti. Bütün bunların Azərbaycan üçün nə kimi əhəmiyyəti var?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bütün bunlar Azərbaycan üçün böyük əhəmiyyətə malikdir: “Çin və Azərbaycan arasında iqtisadi-ticarət əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatı üçün çox cəlbedicidir. İtaliyaya gəldikdə isə, İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi hələ keçən ilin rəsmi statistikasında 15 milyard 685 milyon dollar olub. Rəqəmlər onu deməyə əsas verir ki, İtaliya Azərbaycanın bir nömrəli strateji müttəfiqidir. İki ölkə arasında ticarət dövriyyəsi son illərdə 3.4 dəfə artıb. Bu da onu deməyə əsas verir ki, İtaliya Azərbaycanın strateji müttəfiqi olmaqla bərabər, həm də deyərdim əsas etibarlı ticarət tərəfdaşlarından biridir. Düzdür, ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illər qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq münasibətləri inkişaf etdirilir. Rəsmi rəqəmlərə görə, hazırda İtaliyanın Azərbaycanda rabitə, sənaye, kənd təsərrüfatı və digər sektorlarda 110 şirkəti fəaliyyət göstərir və bu rəqəmlər hər il artmaqdadır. Bütün bunlar ikitərəfli əlaqələrdə, iqtisadi amillə yanaşı, siyasi münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Düzdür, Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi İtaliya qədər olmasa da, ancaq düşünürəm, qarşıdakı illərdə bu dövlətlə də böyük iqtisadi ticarət dövriyyəsi gözləniləndir. Çünki Azərbaycan elə bir coğrafiyada yerləşir ki, dünya iqtisadiyyatının şaxələndirilməsində, logistik baxımından əsas açar dövlətlərdən biridir. Azərbaycanın 44 günlük qələbəsindən sonra Cənubi Qafqazda sülhün davamlı əldə olunması üçün apardığı uğurlu siyasət dövlətimizə marağı günü-gündən artırır. Yəni belə desək daha doğru olar ki, ticarət, investisiya sahələri təhlükəsizlik məsələləri yüksək səviyyədə qorunan dövlətlərdə uğurlu olur. Bu baxımdan Azərbaycana maraq hər gün artmaqdadır. Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycan nəinki bu bölgənin, eyni zamanda dünyanın ən cəlbedici dövlətlərindən birinə çevriləcək. Prezident İlham Əliyevin hər iki dövlət barəsində dediyi sözlər həm də o anlama gəlir ki, Çindən Avropaya və yaxud da əks istiqamətdə rahat təhlükəsiz ticarət daşımaları Azərbaycanın Cənubi Qafqazda təməlini qoyduğu təhlükəsizlik arxitekturası ilə bilavasitə bağlıdır. Qarşıdakı illərdə biz bütün bunların böyük inkişafa səbəb olacağının şahidi olacağıq”.