Tramp qərarını VERDİ – İrana daha güclü zərbələr ENDİRİLƏ BİLƏR
12 gün davam edən qarşıdurmanın səngiməsinə baxmayaraq İran nüvə məsələsində hələ də öz mövqeyindən geri çəkilmir. Belə ki, İran rəsmiləri nüvə proqramından əl çəkməyəcəklərini elan ediblər. İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed”ə müsahibəsində deyib ki, ölkəsi İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək.
Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub:
“Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olub”.
Anoloji açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian da çıxış edib.
Bu arada Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin professoru İbrahim Mottəqi İsrailin yaxın günlərdə İrana qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir. Onun sözlərinə görə, ABŞ və İsrail atəşkəsdən istifadə edərək yenidən güc toplamağa çalışır və qarşıdakı günlərdə daha ciddi hərbi mərhələ başlaya bilər:
“Birincisi, qəfil tədbirlər, ikinci addım isə dağıdıcı əməliyyatlar olacaq”.
Mottəqi həmçinin qeyd edib ki, bölgədə yaranan nisbi sakitlik aldadıcıdır və yeni eskalasiyalar ehtimalı yüksəkdir.
Bu açıqlamalar onu göstərir ki, İran nüvə proqramından əl çəkmək niyyətində deyil.
Görəsən, İran nüvə proqramından əl çəkməsə ona qarşı növbəti zərbələrin şahidi ola bilərikmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, danışıqlar baş tutmasa, İrana zərbələrin və sanksiyaların növbəti mərhələsinin şahidi olacağıq:
“İran XİN rəhbəri Əraqçi Tehranın nüvə proqramından əl çəkməyəcəyini bəyan edir. Onun fikirlərindən belə bəlli olur ki, İran bu sahəyə böyük sərmayə yatırıb, ona görə də işi yarımçıq dayandırmağı düşünmür. Eyni fikirləri bir neçə gün əvvəl İran Prezidenti Pezeşkian da bildirib. ABŞ İranla bu sahədə danışıqlara hazır olduğunu, sadəcə, Tehranın bununla bağlı qərar verəcəyini gözləyir. Belədə, tərəflər əslində İranın ali liderinin hansı qərarı verəcəyini gözləyir”.
Deputat qeyd edir ki, İran sonda danışıqlara getməyib, nüvə proqramını davam etdirsə, qarşı tərəflərin də mütləq şəkildə buna adekvat reaksiyası olacaq:
“Məsələ ondadır ki, İranla İsrail arasında münaqişə dünənin, bu günün məsələsi deyil, uzun müddətdir ki, davam edir. Belədə, İranın əvvəlki mövqeyində qalması fonunda münaqişənin yenidən alovlanması ehtimalı da böyükdür. Hətta bu fonda ABŞ-ın İrana növbəti daha güclü zərbələr endirməsinin də şahidi ola bilərik. 12 günlük müharibə əslində tam bitməyib. Sadəcə, danışıqlar aparılması üçün atəşkəs elan edilib. Amma danışıqlar baş tutmasa, proses davam etdiriləcək”.