NIPA-30

Rəşad Bayramov: “Bu seçki dövrünün Paşinyan üçün 2018-2021-ci il seçkilərindən daha əhəmiyyətli və ağır olacağı gözlənilir”

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb:

“Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Özlərində Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarı görürlərsə, biz də reaksiya verməli və ən azı, onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq. Ölkəmizdə bu manqurtların proqramları da, onların ölkəyə girişi də çoxdan bağlanıb. Lakin onların dövlət kanalları özlərində Ermənistanın daxili işlərinə qarışmaq hüququ görürsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq”.

Ermənistanın məhz indi bu məsələdə Rusiya telekanallarına qarşı belə qərarlı mövqe ortaya qoymağa cəhd etməsi diqqət çəkir. Bu hansı amillərlə bağlı ola bilər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, burada bir sıra faktorların təsiri ola bilər: “Məlumdur ki, bütün postsovet məkanında yayımlanan Rusiya telekanallarının bir nömrəli vəzifəsi ölkələrini təbliğ etməkdir. O cümlədən, ayrı-ayrı regionlarda baş verən hadisələrə Rusiyanın baxışının təqdim olunmasından ibarətdir. Bu mənada Ermənistanda da yayımlanan Rusiya telekanalları faktiki olaraq bu ölkədə hələ də rus sevgisi ilə yaşayan ayrı-ayrı sosial qrupların erməni hakimiyyətinə qarşı təşkilatlanması üçün çağırışları ehtiva edir. Rus kanallarının işi əsasən bundan ibarətdir. Ermənistanın da bu məsələdə narahatlığı və Alen Simonyanın müəyyən məqamlara toxunması əslində başadüşüləndir. Çünki əgər bir ölkədən sənin ölkəndə olan vətəndaşlara müəyyən çağırışlar edilirsə və yaxud da hakimiyyətin işini telekanallar təftiş edirsə, təbii ki, bu, ölkənin daxili işinə qarışmaq deməkdir. Ona görə də rus telekanallarının bağlanmasının müzakirə edilməsi tamamilə normaldır. Ermənistanda ilk dəfə deyil bu məsələ gündəmə gətirilir. Bundan qabaq da, yəni Rusiya-Ermənistan münasibətlərinin kəskin olduğu dönəmlərdə bu məsələ gündəmə gətirilib. İndi də Ermənistan seçki dövrünə qədəm qoyub. Bu seçki dövrünün Paşinyan üçün 2018-2021-ci il seçkilərindən daha əhəmiyyətli və ağır seçki olacağı gözlənilir. Ermənistan daxildə Rusiyanın 5-ci kolonu qismində çıxış edən siyasi müxalifətə və Moskvanın tapşırıqlarını icra edən ayrı-ayrı kilsə rəhbərlərinə qarşı mübarizə aparır. Hakimiyyət seçkiqabağı dövrdə onların mövqelərini zəiflətməyə çalışır. Bu biri tərəfdən isə faktiki olaraq hər evə daxil olan və Paşinyanın mövqelərini zəiflədən rus telekanalları mövcuddur. Bütün vasitələrlə Kremlin propoqandası ilə məşğul olan kanallar var. Kanalların fəaliyyəti istər-istəməz erməni ictimai rəyinə öz təsirini göstərir. Ona görə də bu təbliğatı önləmək üçün Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması təşəbbüsü tamamilə əsaslıdır”.