AMİP-in dövlət qeydiyyatına alınmasının 33-cü ildönümü qeyd olunub.
17 iyul 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk növbədə partiyanın dövlət qeydiyyatına alınmasının 33-cü ildönümü (17 iyul 1992) qeyd olunub.
Tədbirdə Partiyanın Sədri, millət vəkili Arzuxan Əlizadə AMİP fəxri lideri Etibar Məmmədovun təbriklərini iclas iştirakçılarının diqqətinə çatdırıb. 33 il əvvəl bu günkü gün AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatı olaraq tarixə düşüb və bununla da ölkədə çoxpartiyalı sistemin əsası qoyulub. AMİP sədri bu münasibətlə partiya üzvlərini təbrik edərək, partiyanın keçdiyi tarixi yol və gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşərək partiya üzvlərinə uğurlar arzulayıb.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq rayon və şəhər təşkilatlarına yeni sədr təyinatları ilə bağlı AMİP Sədrinin təqdimatı əsasında Siyasi Şura ilkin olaraq 15 rayon təşkilat sədrinin səlahiyyətlərini təsdiq edib. Sonda AMİP XIII Qurultayına hazırlıqla bağlı təklif və tövsiyələr dinlənilib. Rayonlarda keçirilən və qarşıdakı günlərdə nəzərdə tutulan hesabat -seçki konfransları haqqında partiya sədrinin təşkilat məsələləri üzrə müavini Afsəddin Nəbiyev məlumat verib. İclasın sonunda AMİP sədri tərəfindən Yubilyar İlhamə Əliyevaya təbriknamə təqdim olunub.

