Milli Mətbuatımızın 150 illiyi münasibətilə Azərbaycan Milli İstiqlal Partiyasının Təbriki
National Independence Party of Azerbaijan olaraq Həsən bəy Zərdabinin əziz xatirəsini dərin hörmətlə yad edirik.
1875-ci ilin 22 iyul tarixində milli düşüncənin, azad sözün və ictimai maarifçiliyin təməlini qoymuş maarifpərvər ziyalımız Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan ilk milli mətbu orqanımız – “Əkinçi” qəzetinin işıq üzü görməsi Azərbaycanda maarifçilik ideyalarının, milli şüurun və azad fikrin yayılmasında mühüm mərhələnin başlanğıcı oldu. Milli mətbuatımız həmin tarixdən bu günə qədər 150 illik çətin və şərəfli yol keçərək Azərbaycan xalqının mübarizə və inkişaf tarixində silinməz izlər buraxmışdır.
Bu gün xüsusilə də bütün dünyada informasiya savaşının getdiyi bir dövrdə həqiqəti qərəzsiz və obyektiv şəkildə çatdırmaq, milli maraqları qorumaq və etik dəyərlərə sadiq qalmaq baxımından media mənsublarının üzərində böyük məsuliyyət yükü vardır.
Bu əlamətdar gün münasibətilə söz azadlığının keşiyində duran, ictimai fikrin formalaşmasına xidmət edən, dövlətlə vətəndaş arasında informasiya körpüsünün qurulmasında əvəzsiz rol oynayan, peşəkarlığı və prinsipiallığı ilə seçilən bütün qələm sahiblərini səmimi qəlbdən təbrik edirik.
Qələminiz iti, sözünüz kəsərli olsun!
Bayramınız mübarək!
Dəyərli mətbuat nümayəndələrimizə sayğılarla,
Arzuxan Əlizadə
AMİP sədri, Millət vəkili