Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu
Ötən həftəsonu Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsində rəsmi Parisi və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.
Qətnamə layihəsində qeyd olunur ki, Fransa – Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi – regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır.
Qətnamə layihəsində Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların-red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb.
“Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir”. Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatında belə deyilir.
Ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə, Belçika və Fransa parlamentlərində, eləcə də ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar.
Maraqlıdır ki, bu proses, Azərbaycana qarşı birtərəfli və qərəzli qətnamələr Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə və Fransaya səfərindən dərhal sonraya təsadüf edir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, istər ABŞ Konqresində, istərsə Fransa Milli Assambeleyasında irəli sürülən qanun layihələri, qətnamələr Vardanyan və digərlərinin xərclədiyi pulun əvəzidir: “Onlar özləri də gözəl bilirlər ki, hərbi canilərin azad edilməsi mümkün deyil və Azərbaycana təzyiq göstərməklə nəticə əldə oluna bilməz. Avropa ölkələrində separatçıların hansı aqibətlə üzləşdiyini özləri də bilirlər. Hazırda məhkəmə prosesi kifayət qədər açıq keçirilir və sübutlar təqdim olunur. Ona görə də erməni pullarının qarşılığı olaraq xidmət göstərirlər, çağırışlar səsləndirirlər. Azərbaycan qanunvericiliyi əsasında həmin şəxslərə hökm oxunacaq. Odur ki, bu qətnamə layihələrindən narahat olmağa dəyməz”.
A.Əlizadə qeyd etdi ki, Azərbaycan dost və düşmənini tanımaqdadır: “Erməni separatizminin başında dayananlardan Köçəryan, Sərkisyan hələ azadlıqda gəzir, onlar da mühakimə olunmalıdırlar. Bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Həbsdə olanlarla bağlı məsələ aydındır və cəzalarını alacaqlar, yerdə qalan hərbi cinayətkarların cəzalandırılması üçün də addımlar atılmalıdır”.