NIPA-30

Azərbaycana qarşı “qırmızı xətti” keçməklə itirən tərəf Rusiya olacaq – Deputat

Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı apardığı informasiya savaşı artıq total hücum xarakterini alıb.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Rusiya tərəfinin Azərbaycana qarşı bu təhdid və təzyiq siyasəti sistemli xarakter alıb. “Rusiyanın Azərbaycana qarşı həyata keçirilən informasiya savaşı artıq ölkələrarası münasibətlərdəki “qırmızı xətti” keçmək mərhələsindədir”, – o qeyd edib.

Onun fikrincə, Rusiyanın bu təhdid siyasətinin arxasında Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməməsi və buna mane olması dayanır: “Rusiya görür ki, Azərbaycan son illərdə Avrasiya coğrafiyasında yeni reallıqlar yaratmaqla bu coğrafiyanın açar ölkələrindən birinə çevrilib. Bunun nəticəsidir ki, Qərbdən Şərqə, Şimaldan Cənuba gedən bağlantı xətləri əsasən Azərbaycan üzərindən keçməkdədir. Bu da təbii ki, Rusiya Cənubi Qafqazda və Mərkəzi Asiyada təsir gücünü zəiflətməkdədir. İmperiya maraqlarından çıxış edən Moskva Cənubi Qafqaz ölkələrinə təzyiq etməklə bölgədə təsir imkanlarını saxlamağa çalışır. Təzyiqləri həm də bölgədə reallaşan Orta Dəhlizə, xüsusən də Zəngəzur dəhlizində maraqları təmin etmək uğrunda gedən geosiyasi savaşın tərkibi kimi dəyərləndirilməlidir. Çünki Rusiya tərəfi Zəngəzur Dəhlizinin öz nəzarəti altında reallaşmasında maraqlıdır. Ümumiyyətlə, Rusiyanın Azərbaycana sistemli xarakter alan təzyiqlərin arxasında imperiya maraqlarından doğan siyasət dayanır. Amma Rusiya onu artıq anlamalıdır ki, imperiya siyasəti ilə ölkələrə, xüsusən də Azərbaycana təzyiq etmək mənasızdır. Moskvanın Azərbaycanyönəlik siyasətində “qırmızı xətləri” keçməsi, ilk növbədə Rusiyanın milli maraqlarına və beynəlxalq aləmdəki mövqelərinə ciddi zərbə vurur.

Mövcud şəraitdə beynəlxalq aləmin sanksiyası ilə üzləşən Rusiya anlamalıdır ki, bu, ona yaxşı heç nə vəd etmir. Əksinə, Moskva Bakı ilə daha sıx münasibətlər qurmaqla üzləşdiyi böhranı az da olsa yumşalda və vəziyyətdən çıxa bilər. Beynəlxalq aləmin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulamayan Azərbaycandan faydalana bilər.  

Onu da qeyd etmək lazımdır ki, Moskva-Bakı münasibətlərinin pozulmasında maraqlı olan güclər var. Moskva-Bakı münasibəltərinin inkiaşfını istəməyən erməni diasporu, onların nəzarətində olan siyasi qüvvələr, eyni zamanda bəzi başqa güclər maraqlıdır. Moskva nə qədər tez bu səhvini anlayıb düzgün nəticə çıxarsa yaxşı olar. Yoxsa Azərbaycana qarşı “qırmızı xətti” keçməklə əslində itirən tərəf Rusiya olacaq. Təzyiq, təhdid dili Azərbaycan üçün keçərli deyil. Əksinə, belə təzyiqlər Azərbaycan cəmiyyətinin sıx birliyini və həmrəyliyini təmin edir”.