NIPA-30
arzuxan

Parlamentari: Amerika tezliklə sülh sazişinin imzalanmasını istəyir

Bir sıra media orqanlarında və sosial şəbəkələrdə bu həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacağı barədə iddialar yayılıb. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək və sülh sazişi ilə bağlı bəyanat veriləcək. Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edib. Vurğulanıb ki, rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər. 

“Middle East Eye” nəşri də yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda sülh sazişi deyil, yalnız “niyyət memorandumu” imzalayacaqlar. Nəşrin iddiasına görə, ABŞ Prezidenti Donald Tramp Paşinyanı, daha sonra Prezident İlham Əliyevi qəbul edəcək. Ondan sonra üçtərəfli bəyanat olacaq. Xatırladaq ki, liderlər arasında sonuncu görüş  iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib. Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. 

Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a açıqlamasında görüşün baş tuta biləcəyini deyib. Azərbaycan tərəfi hər zaman danışıqlara tərəfdar olduğunu bəyan edib. Deputat vurğulayıb ki, əgər həftə sonu Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Ağ Evdə görüş keçiriləcəksə, bu, ABŞ-nin növbəti dəfə prosesdə dominantlığı öz üzərinə götürməsi deməkdir: 

“Son günlərdə belə məlumatlar yayılır ki, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Ağ Evdə ABŞ rəhbəri Donald Tramp tərəfindən qəbul olunacaq və növbəti danışıqlar aparılacaq. Hətta bəziləri irəli gedərək sülh sazişinin imzalanacağını, paraflanacağını iddia edirlər. İstənilən halda gözləmək lazımdır, çünki ortada rəsmi mövqe, açıqlama yoxdur. Ancaq təbii ki, nəticəsindən asılı olmayaraq belə bir görüşün baş tutma ehtimalı var. İyulun 10-da Əbu-Dabidə Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında ilk dəfə olaraq genişformatlı və beş saatlıq danışıqlar baş tutdu. Bir çox məsələlərlə bağlı razılaşmalar əldə olundu. O zaman ABŞ Departamenti açıqlama yaydı ki, Vaşinqton görüşlərdə ciddi nəticələrin əldə olunmasında maraqlıdır. ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını istəyir. Rusiya və Fransa kimi ölkələr özlərinin yürütdüyü siyasətin nəticəsi olaraq bu imkanlardan məhrum olublar. ABŞ isə yaranmış fürsətdən istifadə edərək regionda öz nüfuzunu bərqərar etmək niyyəti güdür. ABŞ-nin Ermənistanla hərbi təlimlər keçirməsi də Rusiya və digər ölkələrə çəkindirici mesaj mahiyyəti daşımaqdadır. Azərbaycanın haqlı tələbləri var və o tələblərin təmin olunacağı təqdirdə sülh müqaviləsi imzalanacaq”. 

Parlament üzvü vurğulayıb ki, Bakının tələbləri beynəlxalq hüquqa əsaslanır:

 “Əgər torpaqlarımızı 30 il işğal altında saxlayan tərəflə sülh müqaviləsi imzalanırsa, həmin tərəfin ərazi iddialarından hüquqi müstəvidə geri durması mütləqdir. Bir tərəf digərinə qarşı ərazi iddiasını davam etdirirsə, heç bir sülhdən söhbət gedə bilməz. Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı iki tərəfin rəsmi mövqe bildirməsi və birgə müraciəti əsas şərtdir. Əlbəttə, digər tələblərimiz də var. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Sərhədlərin delimitasiya və demarkasiya prosesində son dönəmdə Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir. Azərbaycanın 4 kəndi hələ də işğal altındadır. Qərbi Azərbaycana qayıdış konsepsiyamız hər zaman aktualdır, gündəmdədir. Bir milyona yaxın azərbaycanlı son bir əsr ərzində öz tarixi yurdlarından, indiki Ermənistan ərazisindən qovulublar, deportasiyaya məruz qalıblar. 1988-ci ildən bu yana 300 mindən artıq soydaşımız Zəngəzur, Göyçə və digər bölgələrdən didərgin salınıb. Həmçinin, təzminat ödənişi və s. haqlarımız var. Bunlara rəğmən, bir çox məsələni arxa plana keçirərək, iki məsələni sülh sazişinin imzalanmasının əsas şərti kimi irəli sürürük. Tələblərimiz mütləq icra olunmalıdır və olunacaq, başqa variant yoxdur”.

A.Əlizadə diqqətə çatdırıb ki, əslində, 2022-ci ildə Nikol Paşinyan “Konstitusiya İslahatları Şurası” adlı qurumun yaradılması qərarını verib:

 “Şuraya tapşırıq verilib ki, 2026-cı ilin dekabrına qədər yeni Konstitusiyanı hazırlasın. Paşinyan dəfələrlə vurğulayıb ki, Ermənistan dövlətinin yeni Konstitusiyaya ehtiyacı var. Bir çox məsələlərdə Paşinyanın yanaşması doğrudur. Baş nazirin 2020-ci ilədək məsələlərə yanaşması ilə ondan sonrakı dövrdə yanaşması tamam fərqlidir. Özü də etiraf edib ki, fikirlərində köklü dəyişiklik var. Çünki Azərbaycan mövcud reallıqları dəyişib. Baş nazir fərqindədir ki, Bakının tələbləri icra olunmasa, nəinki Azərbaycanla, üstəlik, Türkiyə ilə də əlaqələr normallaşmayacaq, əməkdaşlıq olmayacaq. Bu da Ermənistanın indiki kimi təcrid vəziyyətdə qalması deməkdir”.

Deputatın qənaətincə, Paşinyanın hədəfi seçkilərdən qalib gəlmək və ondan sonra Konstitusiya islahatlarına getməkdir: “Rusiyadan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı ciddi bir müxalifət formalaşdırılmaqdadır. Rusiya və Kremlə yaxın dairələr ölkədə “Paşinyan Azərbaycan və Türkiyənin dediklərini edir” şəklində bir fikir formalaşdırırlar. Ona görə də baş nazir seçkilərdən qalib çıxaraq daha güclü hökumətlə islahatlara getməyi düşünür. O baxımdan 2026-cı il seçkilərinədək referenduma gedəcəklərini inandırıcı deyil. Ancaq baş nazir həmin vaxtadək öz rəqiblərini tamamilə sıradan çıxara bilərsə, böyük dəstək əldə edərsə, islahatlara daha tez başlaya bilər. Görünən odur ki, Paşinyan Qərb dairələrinin onun üzərinə qoyduğu tapşırıqları yerinə yetirmək üzrədir. Bu öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması, əməkdaşlıq edilməsi mütləqdir. Ermənistan bunu bacararsa, regiondan kənar qüvvələr, fərqi yoxdur, ya ABŞ, ya Avropa olsun, ya da Rusiya, İrəvana təzyiq göstərmək imkanları qalmayacaq. Ermənistan Rusiyanın boyunduruğundan birdəfəlik qurtulmaq istəyirsə, Azərbaycan və Türkiyə əməkdaşlıq və qonşuluq siyasətini icra etməlidir. Kommunikasiya xətlərinin açılması da, əslində, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir”.