NIPA-30

Qanunsuz Daşıma, Qanlı Sonluq: 7 İnsan Həyatının Cavabı Kimdən Sorulacaq?

Şəmkir rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi bir daha sübut etdi ki, qanunların kağız üzərində qalması insan həyatına real təhlükədir. Nəticədə 7 nəfər həyatını itirdi, bir neçə nəfər yaralandı. Bəs bu faciənin məsuliyyəti yalnız sükan arxasındakı şəxslərdədir, yoxsa daha dərinə enmək vaxtıdır?

Hər iki avtomobil qanunsuz şəkildə yolda olubAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata əsasən:

99-GO-705 dövlət nömrə nişanlı “Mercedes-Benz Sprinter” markalı mikroavtobus sifarişli sərnişindaşımanı nə buraxılış vəsiqəsi, nə də fərqlənmə nişanı olmadan həyata keçirib.20-DL-094 nömrəli “KamAZ” markalı yük maşını da buraxılış sənədləri olmadan yola çıxıb.Daha acınacaqlısı odur ki, nəqliyyat vasitələri texniki, sürücülər isə tibbi müayinədən keçməyib. Bu isə artıq tək sürücülərin yox, nəzarət orqanlarının da cinayət səhlənkarlığına işarədir. Bəs nəzarət harda idi?İllərdir ictimai nəqliyyatın “kölgədə qalan” sektoru olan sifarişli sərnişindaşıma və fermer yükdaşımaları faktiki olaraq nəzarətsiz buraxılıb. Reysqabağı texniki baxış, tibbi yoxlama, icazə sənədləri – bunlar ya formal həyata keçirilir, ya da heç həyata keçirilmir.Bu halda sual doğur: AYNA, DYP, İcbari Sığorta Bürosu və digər müvafiq qurumlar nə işlə məşğuldur? Niyə bu nəqliyyat vasitələri aylarla, bəlkə də illərlə qanunsuz fəaliyyət göstərsə də, dayandırılmayıb? Niyə sadə vətəndaş taksidə kəmər taxmadığı üçün cərimələnir, amma 15 nəfərlik mikroavtobus rəsmi sənədsiz ölkə boyu sərnişin daşıyır? İnsan həyatı bu qədər ucuz olmamalıdır.Bu kimi hadisələr bir daha göstərir ki, nəqliyyat sektorundakı “göz yumulmuş” xaos insan canına başa gəlir. Məsələ sadəcə yol qəzası deyil – bu sistemli səhlənkarlığın, korrupsiyanın və qeyri-peşəkarlığın nəticəsidir. Nə edilməlidir?

1. Buraxılış vəsiqəsi olmayan bütün nəqliyyat vasitələrinin aşkarlanması üçün respublika üzrə reydlər keçirilməlidir.

2. Reysqabağı texniki və tibbi yoxlamalar real nəzarətə götürülməli, formal prosedur olmamalıdır.

3. Daşıma sektorundakı icazə və nəzarət sistemində korrupsiya ehtimalları araşdırılmalıdır.

4. İctimaiyyətə açıq qara siyahı hazırlanmalı – sənədsiz və təhlükəli daşıyıcı şirkətlər buraya daxil edilməlidir.

Sonda:Əgər 7 nəfərin ölümü belə hələ də aidiyyəti qurumları silkələmirsə, sabah kimin növbəsi olduğunu heç kim bilə bilməz.

Əgər qanunsuz fəaliyyət göstərən bir nəqliyyat vasitəsi sərbəst şəkildə yollarda hərəkət edə bilirsə, deməli bu dövlət üçün ağır bir siqnaldır. Yalnız hadisədən sonra deyil, hadisədən əvvəl tədbir görmək məsuliyyət daşıyanların borcudur.Qanunlar yalnız vətəndaş üçün deyil, dövlət qurumları üçün də keçərlidir.

Afsəddin Nəbiyev
AMİP Sədrinin müavini