Sülh sazişi Paşinyanı seçkidən qalib, ya məğlub çıxaracaq?
Gələn il 7 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağının taleyini həll edəcək seçkilərin son dərəcə kəskin və təlatümlü şəraitdə keçəcəyi proqnozlaşdırılır.
Seçkiyə bir ildən az qaldığı bir zamanda isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi paraflandı və ictimaiyyətə açıqlandı.
Bəs seçkiyə qədər qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi və imzalanarsa, bu, seçkilərin taleyinə necə təsir edə bilər?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Ermənistanla sülh müqaviləsi imzalanması üçün Azərbaycanın qoyduğu haqlı tələb var:
“Bu tələb ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ləğv edilməlidir. Bunun üçün də təbii ki, konstitusiya dəyişikliyinə – referenduma ehtiyac var. 7 iyun parlament seçkilərinə qədər Ermənistanda konstitusiya dəyişikliyi üçün referendum keçirilməsi ehtimalı aşağıdır. Ən yaxşı halda belə versiya var ki, parlament seçkiləri ilə eyni gündə referendum da keçirilə və konstitusiya dəyişikliyi məsələsi həll edilə bilər. Yalnız bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
Amma o da sirr deyil ki, artıq sülh müqaviləsi paraflanıb və ictimaiyyətə açıqlanıb. Nikol Paşinyan bu paraflanmadan və Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalının ən yüksək səviyyəyə çatmasından öz seçki platformasında istifadə edəcək və şanslarını artırmaq imkanı qazanacaq. Lakin müxalif qüvvələr sülh sazişi layihəsində mikroskop altında nələrisə axtarıb baş nazirə qarşı kampaniyanı genişləndirəcəklər”.