NIPA-30

Afsəddin Nəbiyev: “Ermənistan dövləti artıq Qarabağ kartını siyasi oyun aləti kimi istifadə edə bilmir”

Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur.

Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arusyak Julhakyan deyib.

“Azərbaycana qayıtmaq istədiyini, qayıda biləcəyini düşünən ayrı-ayrı şəxslər varsa, əlbəttə, onlar fərdi qaydada buna cəhd edə bilərlər. Amma biz Qarabağ sakinlərinin kollektiv şəkildə qayıtmasını real hesab etmirik, çünki buna heç bir beynəlxalq mexanizm və ya təminat yoxdur. Biz nə qədər hakimiyyətdəyik, Ermənistan Respublikası bu məqsədi güdməyəcək”, – deputat qeyd edib.

Belə məlum olur ki, Ermənistanda hakim partiya bir daha Qarabağ məsələsi ilə, ermənilərin ora qayıdışı ilə bağlı məşğul olmayacağı ilə bağlı qəti qərar verdi. Bununla məşğul olmaqdan birdəfəlik imtina etdilər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bu, Ermənistanın Qarabağa ermənilərin kollektiv qayıdışı xülyasından birdəfəlik imtina etməsi anlamına gəlir: “Hakimiyyət mövzunu bağladı – bundan sonra “Qarabağ məsələsi” İrəvanın gündəmində olmayacaq. İndiki hakimiyyət xəyali Ermənistan xülyasını deyil, real Ermənistan düşüncəsini təbliğ edir. Əslində bu proses Ermənistanın regionda bir dövlət kimi mövcudluğu üçün ən mühüm faktordur. Ermənistan dövləti artıq Qarabağ kartını siyasi oyun aləti kimi istifadə edə bilmir. Erməni millətçilərinin uydurulmuş mifoloji təsəvvürləri, həqiqət qarşısında məğlub oldu. Tarixdə hər zaman belə olub. Keçmişi saxtalaşdırıb, qonşu dövlətlərə xəyanət edən, işğalçılıq edən xalqların hamsının aqibəti eyni olub. Gec də olsa, ermənilər tarixi reallığı qəbul etmək məcburiyyətindədirlər. İllərdir işğal siyasəti aparan, “miatsum” xülyası ilə yaşayan Ermənistan indi açıq şəkildə etiraf edir: Qarabağ Azərbaycandır! Oraya qayıdış nə kütləvi, nə də təşkilatlanmış şəkildə mümkündür. Bütün beynəlxalq sənədlər, BMT qətnamələri, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə yaradılmış reallıq budur. Azərbaycan ərazi bütövlüyünü təmin edib, Qarabağ məsələsi bitib! Bəs fərdi qayıdış mümkündürmü – və nə deməkdir? Deputat deyir ki, kim istəsə, fərdi qaydada cəhd edə bilər. Ancaq onlar bilməlidir ki, bu cəhd də Azərbaycanın qanunlarına tabe olmaqla mümkündür. Qarabağda yalnız Azərbaycan Konstitusiyası və qanunları işləyəcək. Heç bir “status” söhbəti, heç bir “xüsusi təminat” mövcud deyil və olmayacaq. Nəticə etibarilə Ermənistan kapitulyasiya sonrası reallığı qəbul etdi. Bu açıqlama bir daha bunu sübut edir. Ermənistan artıq Qarabağ mövzusunda siyasi alver edə bilmir. Bu, həm də Azərbaycanın tarixi qələbəsinin diplomatik müstəvidə təsdiqidir. Bu gündən sonra kimlərsə hələ də “Qarabağ Ermənistandır” deyirsə, bir daha Julhakyanın, Paşinyanın, sözlərini oxusunlar: “Biz nə qədər hakimiyyətdəyik, Ermənistan bu məqsədi güdməyəcək!”. Deməli, Ermənistan üçün Qarabağ xülyası bitdi. Qarabağ isə əbədi olaraq Azərbaycanındır!”.