Parlamentari: Sülhə gedən yolu ATƏT bağlamışdı
ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin yutub kanalına müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub. Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib. Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında müsbət rol oynayıb: “Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim”. Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Tramp xaraktercə elə adamdır ki, gördüyü işlərə görə təriflənməsini istəyir. Ekspert vurğulayıb ki, Trampın bu istəyi digərlərinə nisbətdə daha artıqdır:
“Bu gün bölgədə yaranmış reallıq birbaşa Azərbaycanın öz gücünə, Bakının hadisələrə zamanında müdaxiləsi sayəsində mümkün olub. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları işğal altında idi. D.Trampın rəhbərlik etdiyi ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biriydi. Digər həmsədr ölkələr isə Rusiya və Fransa idi, ancaq bu üç ölkənin heç biri münaqişənin həlli istiqamətində ciddi addımlar atmadı. Halbuki, həmsədr ölkələrin münaqişənin həllinə dair öhdəliyi var idi. Aparıcı güclər münaqişənin ədalətli həllinə çalışmır, Azərbaycanı mövcud status-kvo ilə barışmağa məcbur etmək istəyirdilər. Necə ki, bu gün Ukraynaya yönəlik həmin siyasəti görürük. Təcavüzkar Rusiyaya deyil, işğala məruz qalmış Ukraynaya təzyiq göstərilir ki, ərazilərini güzəştə getsin. Zamanında Azərbaycana da bununla bağlı ciddi təzyiqlər edilirdi. Buna baxmayaraq, təzyiqlərə boyun əymədik və 30 ildən sonra reallıqları dəyişə bildik. 44 günlük savaşda əldə etdiyimiz möhtəşəm Qələbə bölgədə bütün reallıqları köklü surətdə dəyişdi. Reallıqların dəyişməsi fonunda təbii ki, artıq hansısa formada sülh danışıqları başlamalı, ortada anlaşma olmalıydı”.
Parlament üzvü qeyd edib ki, müharibədən sonra sülh danışıqlarını təklif edən, prosesi başladan məhz Azərbaycan tərəfi olub:
“Beynəlxalq hüququn 5 baza prinsipi əsasında sülh sazişini gündəmə gətirdik. Nəticədə 2019-cu ildə “Qarabağ Ermənistan və nöqtə” deyən Paşinyan özü bu sərsəm fikirdən imtina etdi, mövqelərini dəyişdi. Məhz bundan sonra Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getməsi üçün zəmin formalaşdı. Əgər İrəvan hökuməti son dönəmlərdə qeyri-konstruktiv davranış sərgiləməsəydi, Bakının şərtlərini zamanında qəbul etsəydi, üçüncü tərəfin iştirakı olmadan belə Vaşinqtonda qol çəkilən sənədləri daha tez imzalamaq mümkün idi. Donald Tramp bu prosesi sürətləndirdi və təbii ki, buna görə təşəkkür etmək lazımdır. ABŞ kimi bir ölkənin bu prosesdə qarant rolunu oynaması bölgədə davamlı sülhə və sabitliyə ciddi zəmanət sayılır. O baxımdan Trampın dediklərində həqiqət var. Amma istənilən halda sülh sazişinin imzalanmasına qədərki dövrü Azərbaycan və Ermənistan təkbaşına keçmişdi. Sülh müqaviləsində olan maddələrin işlək mexanizm olaraq mövcud olması üçün də ən böyük məsuliyyət elə Ermənistanın üzərinə düşür”.