NIPA-30

Afsəddin Nəbiyev: “Bu, təkcə hərbi qələbənin yox, həm də siyasi və diplomatik qələbənin təsdiqidir”

Ermənistan-Azərbaycan normallaşması prosesi, demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlət başçısı vurğulayıb: “Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması, prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Görünən odur ki, imzalanmış sənədlərdə Azərbaycanın maraqları tam təmin edilib. Bu, çox önəmli məqamdır. Çünki ölkəmizin maraqları tam təmin olunmasaydı, o zaman bu, bizi tam qane edə bilməzdi.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bütün bunlara bir neçə aspektdən yanaşdı: “Reallıq ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə faktiki olaraq başa çatır. Azərbaycana bunu kimsə peşkəş etməyib. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə, əsgərlərimizin canı-qanı hesabına təmin edib. Ölkəmiz illərlə bizim əleyhimizə mövcud olan geosiyasi reallıqları dəyişdi. Ona görə də dövlət olaraq çox böyük və möhtəşəm uğura imza atdıq. Bu gün imzalanmış sənədlər Azərbaycanın maraqlarını tam təmin edir. Bu nə deməkdir? Birincisi, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin tanınması sənədlərdə hüquqi cəhətdən təsdiqlənir. Vacib və önəmli məqamlardan biri budur. İkincisi, Ermənistanla münasibətlərdə yeni dövr başlayır. Bu isə o deməkdir ki, düşmənçilik yox, sülh və əməkdaşlıq dövrü başlayır. Bütün bunlarla yanaşı, bu, həm də bölgədə sabitlik və təhlükəsizlik deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz istədiyimizə nail olduq. Minsk Qrupu, hansı ki, illərlə nəticəsiz fəaliyyət göstərirdi, artıq tarixə qovuşur. Çünki problemin həlli masada yox, meydanda başladı, Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı və bu gün diplomatik sənədlərlə tamamlandı. O Minsk Qrupu ki, münaqişəni həll etmək yox, prosesi uzatmaq və Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyirdi. Ancaq onların bu mənfur siyasəti fiaskoya uğradı. Bu, təkcə hərbi qələbənin yox, həm də siyasi və diplomatik qələbənin təsdiqidir. İndi Azərbaycanın qarşısında yeni vəzifələr dayanır – sülhün qorunması, iqtisadi inkişafın sürətləndirilməsi və güclü dövlətin möhkəmləndirilməsi. Qarabağ artıq mübahisə mövzusu deyil, Azərbaycanın ayrılmaz hissəsidir və bu həqiqəti dünya qəbul edir. Ona görə də biz bundan sonra qələbəmizi daha da möhkəmləndirməli və saydaşlarımızın Qərbi Azərbaycana qayıdışını təmin etməliyik”.