NIPA-30

Londondan Bakıya strateji jest

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib. Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib. Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladıb. Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olunub, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulanıb. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu Arzuxan Əlizadə Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Böyük Britaniyanı uzun illərin əməkdaşlığı birləşdirir: 

“Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya Azərbaycanın Avropadakı əsas stateji tərəfdaşlarından biridir. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib. İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrlərdə biz Azərbaycana dost olan və dost olmayan dövlətləri son dəfə diferensiasiya etmiş olduq. Böyük Britaniyanın da Azərbaycana dost olan ölkələr arasında ön sıralarda olduğu heç kimə sirr deyil.  Xatırlayırsınızsa, Fransa və onun kimi Ermənistana havadarlıq edən digər ölkələr problemi BMT Təhlükəsizlik Şurasının iclasına daşımaq istədilər və bu istiqamətdə bir neçə cəhdlər etdilər. Həmçinin, Avropa Parlamentinin Azərbaycanla bağlı bir neçə qətnaməsi qəbul olundu. Bütün bu proseslər baş verərkən Böyük Britaniya Azərbaycana açıq dəstək verdi və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq Azərbaycanla bağlı məsələnin Təhlükəsizlik Şurasına çıxarılmasını blokladı”.

Regionla bağlı məsələlərdə Böyük Britaniyanın böyük gözləntilərinin olduğunu vurğulayan deputat qeyd edib ki, xüsusilə də, Zəngəzur dəhlizi kimi strateji kommunikasiya qovşaqlarının açılmasında Böyük Britaniya ABŞ və Çinlə bərabər maraqlı tərəflər sırasındadır: 

“Bu maraq təkcə geosiyasi mövqeyə görə deyil, həm də bölgədə iqtisadi imkanların artması və ticarət axınlarının diversifikasiyası ilə bağlıdır. Maraqlıdır ki, Britaniyanın 2030-cu ilə qədər xarici siyasət konsepsiyasında Zəngəzur dəhlizi ilə bağlı konkret maddələr yer alıb ki, bu da Londonun layihəyə strateji baxışını göstərir. Zəngəzur dəhlizi (Tramp yolu) layihəsinin açılması ilə bağlı Vaşinqtonda əldə olunan razılaşmadan sonra Böyük Britaniya rəsmilərinin bu məsələləri Azərbaycan rəhbərliyi ilə müzakirə etməsi tamamilə təbiidir. Layihə reallaşdıqda, kommunikasiyalar qovşağı olaraq, bölgəyə bir çox iqtisadi və ticarət imkanları gətirəcək və digər maraqlı dövlətlər kimi, Böyük Britaniya da bu layihədən iqtisadi dividendlər əldə etmiş olacaq. Bununla yanaşı, layihənin Britaniya üçün strateji əhəmiyyəti həm də regionda nüfuzun artırılması və geosiyasi mövqeyin gücləndirilməsində özünü göstərəcək. Dünyada əsas güc mənbələrindən biri hesab olunan logistika sahəsində iştirak edən hər bir dövlət əlavə iqtisadi və siyasi dividendlər əldə edir”.

Deputatın sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir: 

“Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. Bp Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. Ölkələrimiz arasında alternativ enerji sahəsində də uğurlu əməkdaşlıq qurulub. 2018-ci ildə Energetika Nazirliyi ilə bp şirkəti arasında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 2021-ci il mayın 20-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq və iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur. Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində də səmərəli əməkdaşlıq həyata keçirilir. İki ölkə arasında avtomobil nəqliyyatı ilə az həcmdə beynəlxalq yük daşımaları həyata keçirilir. Gələcək perspektivdə isə Böyük Britaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq formaları qurulması, həmçinin bir sıra razılaşmaların əldə edilməsi və sazişlərin imzalanması istisna deyil”.