NIPA-30
arzuxan

“Zəngəzur dəhlizi Cənubi Qafqaza davamlı sülh və sabitlik gətirəcək” – Deputat

“Azərbaycan İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi layihəsini irəli sürməklə qlobal masştabda diqqəti buna cəlb edə bildi. Bu gün kommunikasiya xəttinin açılması artıq böyük dövlətlərin, güclərin də marağındadır. İstər ABŞ, istər Böyük Britaniya, Çin, Türk dünyası üçün də bu layihə çox böyük əhəmiyyət kəsb edir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə 8 avqust Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin reallaşması istiqamətindəki prosesləri şərh edərkən bildirib.

Deputat söyləyib ki, dəhliz Türk dünyası, Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq: “Zəngəzur dəhlizinin açılması region ölkələri, eləcə də regiondan kənar qlobal güclər üçün çox böyük iqtisadi dividendlər vəd edir. Asiya ilə Avropa arasında iqtisadi bağlılıq, kommunikasiya qovşağının açılması, daha sərfəli şərtlərlə, daha az məsrəf sərf ediləcək yolun açılması kommunikasiya qovşağından istifadə edəcək ölkələr üçün iqtisadi imkanlar deməkdir. Bu baxımdan Azərbaycanın gündəmə gətirdiyi layihə artıq reallaşmaq üzrədir. Cənab Prezident hər zaman vurğulayırdı ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Biz bilirik ki, dövlət başçısı verdiyi vədlərin hər birini həyata keçir. Dünyanın əsas gücü olan Birləşmiş Ştatların dəstəyi faktiki olaraq bu layihənin gerçəkləşməsi üçün qarant rolunu oynadığını deyə bilərik. Zəngəzur dəhlizi tezliklə reallaşacaq, artıq işlərə başlanılıb”.

Deputat layihənin həm də siyasi dividendlərinin olmasına diqqət çəkib: “Siyasi faydası ölkələr arasında münasibətlərin normallaşması, əlaqələrin genişlənməsi, iqtisadi bağlılıqdır ki, bu həm də regional sabitlik, təhlükəsizlik üçün bir qarant rolunu oynayır. Yəni kommunikasiya qovşağının açılması ilə nəhayət ki, Cənubi Qafqaza davamlı, daimi sülh və sabitlik də gələcək ki, Zəngəzur dəhlizi layihəsi həm də bu baxımdan olduqca əhəmiyyətlidir”.

A.Əlizadə layihəyə qarşı çıxan qüvvələrin hələ də qaldığını söyləyib: “Belə qüvvələrin sabah da olacaqları istisna edilmir. Əslində həmin qüvvələr də bu kommunikasiya xəttinin açılmasında maraqlıdırlar və oradan fayda götürmək istəyirlər. Onların cəhdləri dəhlizin açılmasına qarşı müqavimət deyil, dəhlizə nəzarət uğrunda bir savaşdır. Bu savaşın içində olan ölkələr var. Bizim şimal və cənub qonşularımız bu məsələdə özlərini kifayət qədər narahat hiss edirlər. Çünki xüsusilə ABŞ şirkətinin prosesə qoşulması ilə onların bu məsələdə əsas aparıcı qüvvə olması istəyi arxa plana keçmiş oldu. Ona görə də baş verən inkişafları öz maraqları üçün bir təhlükə hesab edirlər. İstənilən halda, heç bir dövlət bu layihənin qarşısını almaq iqtidarında deyil. Bu, artıq geridönməz bir prosesdir. Layihə mütləq şəkildə gerçəkləşəcək. Zəngəzur dəhlizi açılacaq və bölgəyə, iştirak edən tərəflərə böyük iqtisadi və siyasi dividendlər gətirəcək”.