NIPA-30
arzuxan

Paşinyanın bu açıqlaması qəbul edilə bilməz – Deputat

“Nikol Paşinyanın bu açıqlaması heç bir halda qəbul edilə bilməz. Ona görə ki, artıq çərçivə sənədi imzalanıb və sülh müqaviləsi imzalanandan sonra uzun müddət lazım olacaq ki, Azərbaycan xalqı ermənilərin bu illər ərzində etdiyi vəhşilikləri unutsun, qarşılıqlı anlayışla yaşamaq imkanı əldə edə bilsin. Bu onda mümkün olacaq ki, ermənilər əvvəllər olduğu kimi deyil, adekvat münasibət sərgiləmiş olacaqlar, düşmən mövqeyindən geri çəkiləcəklər. O halda münasibətlər müəyyən qədər normallaşa bilər”.

Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

Onun sözlərinə görə, sülh müqaviləsi imzalanmadan Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad yarana biləcəyi ilə bağlı deyilən fikir utopiyadır:

Paşinyan da bunu bilir, ola bilər bu açıqlaması hansısa erməni hiyləgərliyindən irəli gəlir. Onsuz da ermənilərin atdıqları imzalar da sona qədər dayanıqlı deyil, sözləri ilə əməlləri heç vaxt üst-üstə düşməyib.

Bütün bunlara baxmayaraq, Paşinyan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir, konstitusiyada dəyişiklik etməlidir, referendum keçirməlidir. Prezidentin dediyi kimi, “ev tapşırıqlarını” yerinə yetirməlidir ki, bundan sonra sülh müqaviləsi imzalansın.

Sülh imzalanandan sonra Azərbaycan cəmiyyətində bir problem yoxdur, Ermənistan cəmiyyəti nəhayət düşmən mövqeyindən, qeyri-səmimi olmaqdan geri çəkilməlidir. Paşinyanın dediyi bu sözlər utopik fantaziyadan başqa bir şey deyil”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında iki ölkə arasında etimad yaranacağı halda sülh sazişinin imzalanmasına ehtiyac qalmayacağını deyib.