NIPA-30

Rəşad Bayramov: “Çox güman ki, Minsk Qrupunun buraxılması ilə bağlı müsbət qərar qəbul ediləcək və veto qoyan olmayacaq”

Minsk Qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş qərar layihəsi bu qurumun iştirakçı dövlətləri arasında yayılıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, iştirakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb: “Qərarın sentyabrın 1-də qəbulu gözlənilir”.

O da var ki, ATƏT-in qərarları konsensus əsasında qəbul edilir. Yəni üzv dövlətlərdən biri veto qoysa qərar qəbul olunmayacaq. Minsk Qrupunun 11 üzvü var. Ümumiyyətlə, üzvlərdən birinin Minsk Qrupunun buraxılmasına qarşı ola biləcəyi risqi varmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov xatırlatdı ki, Azərbaycan və Ermənistan rəhbərləri Vaşinqton görüşündə Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT sədrinə müraciət ünvanlayıblar: “Birgə müraciətdən sonra Minsk Qrupunun ləğvi ilə bağlı prosesə start verilib. ATƏT-in daxili qərarvermə prosedurlarına uyğun olaraq quruma sədrlik edən Finlandiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın birgə müraciətini qurumun bütün üzvlərinə artıq göndərib. Həmçinin bununla bağlı bəyanat da yayıb. Keçmiş münaqişə tərəflərinin müraciətini, o cümlədən, Minsk Qrupuna vaxtilə həmsədrlik etmiş ABŞ və Fransanın, eləcə də digər üzvlərin mövqeyini nəzərə alsaq, ATƏT-in birgə görüşündə yekun qərarın veriləcəyi gözlənilir. Təbii ki, təkcə MQ deyil, həmçinin keçmiş münaqişə ilə bağlı yaradılan Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT sədrinn MQ-dəki şəxsi nümayəndəlik strukturunun da ləğvi barədə qərarlar qəbul ediləcək. Sözsüz ki, yekun qərar ATƏT-ə üzv ölkələrin konsensusu əsasında qəbul ediləcək. Düşünürəm ki, ABŞ və Fransa MQ-nin ləğvini dəstəkləyirsə, ATƏT-ə üzv olan digər ölkələr də eyni mövqedən çıxış edəcək. Bu məsələdə susan və mövqe bildirməyən hələ ki, Rusiyadır. Ancaq münaqişə tərəflərinin artıq quruma ehtiyacın olmadığını bəyan etmələri, münaqişənin bitməsi, sülh sazişinin paraflanmasının baş verməsi kimi hadisələr fonunda Moskvanın veto qoyması absurd görsənər. O qədər absurd görsənər ki, düşünmürəm Rusiya özünü o dərəcədə cılız vəziyyətə salsın. Başqa bir tərəfdən isə, prinsip etibarilə Rusiyanın ATƏT-in Minsk Qrupunun saxlanılması ilə bağlı məsələdə israrı da əslində heç nəyi dəyişməyəcək. Yəni qurum onsuz da fəaliyyət göstərmir. Çünki MQ-nin 3 həmsədrindən 2-si artıq bununla bağlı bəyanatla çıxış edib və qurumun ləğvini dəstəklədiklərini bildirib. İkinci bir tərəfdən, qurumun fəaliyyəti üçün haqqında danışdığımız təsisatlar öz fəaliyyətlərini ATƏT-in müvafiq maliyyəsi hesabına həyata keçiriblər. Ona görə də bu məsələ müzakirə edilib çoxluq tərəfindən dəstəklənəcəyi halda, bura artıq əlavə maliyyənin yönələcəyi real deyil. O baxımdan, çox güman ki, müsbət qərar qəbul ediləcək və veto qoyan olmayacaq. Çünki Rusiya israr edərsə, bu, heç bir normal məntiqlə uzlaşmayacaq. Hər halda Moskva bunu nəzərə alacaq”.