NIPA-30

“Rusiya Azərbaycanın haqlı tələblərini və gözləntilərini qarşılamadıqca münasibətlər normallaşmayacaq”

“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə bəzi suallar yaranır. Problemlər var”, – Putin Çinə səfərindən sonra jurnalistlərə Moskva ilə Bakı arasında münasibətlərlə bağlı sualı cavablandırarkən deyib. “Bu gün prezident Əliyevlə mən bir-birimizi salamladıq, onu və xanımını salamladıq və bir neçə kəlmə danışdıq. Amma mən inanıram ki, Azərbaycanla Rusiya arasındakı fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”, – Putin qeyd edib.

Azərbaycan və Rusiya arasında gərginlik nədən qaynaqlanır?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsində günahkar tərəf Rusiyadır: “Bu, birmənalıdır. Çünki Azərbaycanın hətta ən kritik dönəmdə 2022 – ci ilin fevralın 22-də Rusiya ilə strateji müttəfiqlik haqqında saziş imzalamışdı. Bir çox sahələri özündə ehtiva edən bu sənədin imzalanmasından sonra da, Azərbaycan cəmiyyətində də bu prosesə və bütövlükdə dünyada yanaşma birmənalı deyildi.

Amma təbii ki, sonrakı proseslər onu deməyə əsas verdi ki, Azərbaycan Prezidenti o zaman çox uzaqgörən və çox ağıllı bir siyasət yürütdü. Rusiya ilə bağlanmış bu strateji müttəfiqlik haqqında sazişin ardınca rus hərbçiləri Azərbaycan ərazisindən çıxarıldı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və bütövlükdə münasibətlərdə çox normal məcrada inkişaf etdirməyə başladı”.

Arzuxan Əlizadə qeyd edib ki, ötən ilin dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında, Qroznu üzərində vurulandan sonra da göstərilən münasibət təbii ki, heç bir halda iki dövlət arasında normal münasibətlərə adekvat deyildi.

“Təyyarə vurulandan sonra (bilərəkdən və ya bilməyərəkdən, təbii ki, bu da zamanda aydınlaşacaq) Rusiya yaxınlıqda olan Rusiya hava limanlarına enişinə icazə verilmədi. Təyyarə Xəzər dənizi istiqamətinə yönləndirildi. Bu da əslində cinayəti ört-basdır etmək məqsədi güdürdü. Bütün bunların ardınca da Azərbaycan tərəfinin haqlı tələbləri yerinə yetirilmədi. Beynəlxalq konvensiyalara müvafiq olaraq Rusiya tərəfi üzrxahlıq etməli idi. Ardınca bu cinayəti törədən şəxslər cəzalandırılmalı idilər. Eyni zamanda həm AZAL-a, həmçinin də təyyarə qəzasında həyatını itirənlərə və yaralananlara zərər görənlərə təzminat ödənilməli idi. Bunlar edilmədi. Bütün bunlara rəğmən Rusiya tərəfi Azərbaycana olduqca düşmən mövqe sərgiləməkdədir. Rusiyada yaşayan azərbaycanlılarımız hədəf götürülüb. Xüsusilə də, diaspor rəhbərlərimiz ilk olaraq hədəfə götürülüb. İş adamlarımız, ictimai siyasi gündəmdə olan azərbaycanlılar Rusiya və Azərbaycan vətəndaşı olmağından asılı olmayaraq, Rusiya rəsmi qurumları tərəfindən olduqca ciddi basqılar altındadırlar. Bütün bunlara müvafiq münasibət də bildirilməyib”-deyən deputat bildirib ki, Rusiya rəsmiləri düşmən mövqe sərgiləməkdə davam edir.

Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycanın haqlı gözləntiləri var: “Gözləntilərimiz ondan ibarətdir ki, həmin təyyarə ilə bağlı baş vermiş cinayət hadisəsinə adekvat reaksiya verilməlidir. Qeyd etdiyim ardıcıllıqla, son dövrlərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər araşdırılmalı, təkrar yaşanmaması üçün tədbir görülməlidir. Məlumatlar var ki, Rusiyada yaşayan azərbaycanlıların, xüsusilə də əmlak sahibləri iş adamlarının işlərinə, əmlaklarına əl qoyulur, tamamilə heç bir izahat verilmədən Rusiyadan deport edilir və onların əmlakları faktiki olaraq Rusiya tərəfindən ələ keçirilir”.

Deputat fikrincə, Azərbaycanın gözləntiləri qarşı tərəfin normal dostluq, əməkdaşlıq, qonşuluq münasibətlərinə qayıtmasıdır və bu prosesin olmayacağı müddətdə Azərbaycanla Rusiya münasibətləri normallaşa bilməz.

“Rusiya prezidentinin də qeyd etdiyi kimi, əgər nəzərdə tutulursa ki, bundan sonrakı dönəmdə Azərbaycanla münasibətlər normallaşmalıdır, bunun üçün Rusiya prezidenti özü ilk olaraq addım atmalıdır və münasibətlərin normallaşması istiqamətində sözdə deyil, əməldə hərəkətə keçməlidir. Hazırda bunun tam əksini görürük. Bu gün məlumatlar var ki, tapşırıqlar verilir, azərbaycanlılar işə qəbul edilməsinlər, işdən çıxarılsınlar. Azərbaycanlılara qarşı basqılar və digər bütün sadaladığım faktlar onu deməyə əsas verir ki, düşmən mövqe sərgilənməkdə davam edir. Necə ki, vəziyyət belə davam edir, normallaşmadan söhbət belə gedə bilməz”-deyə Arzuxan Əlizadə vurğulayıb.