NIPA-30
arzuxan

Ermənistan öhdəliklərini yerinə yetirsə münasibətlər normal məcraya gələcək – Deputat

Avqustun 30-da Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfər edib və sentyabrın 6-da geri qayıdıb. Bu addımın regionda kommunikasiyaların açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib:

“2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bölgədə tamamilə yeni reallıq yaratdı. Müharibədən dərhal sonra Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalamağa dəvət etdi və bu, beynəlxalq hüququn 5 baza prinsipi əsasında gündəmə gətirildi. Lakin təxminən 5 ilə yaxın müddət ərzində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək real addımlar atmadı.

Bununla belə, 8 avqust tarixində Vaşinqtonda imzalanmış çərçivə sənədi bölgəyə davamlı sülh və sabitlik gətirilməsi baxımından ümidverici addım hesab olunur. Şübhəsiz ki, Ermənistanın öhdəlikləri mövcuddur. O, konstitusiyasında dəyişikliklər etməli, həmçinin Azərbaycanın hələ də işğal altında olan 4 kəndini geri qaytarmalıdır. Azərbaycan isə regionun əsas güc mərkəzi və sülhün qarantı kimi çıxış edir.

Bu çərçivədə Azərbaycan arxaya deyil, irəliyə baxaraq Ermənistanla və regionun digər ölkələri ilə normal münasibətlərin qurulmasında maraqlıdır. Sülh və sabitliyin təmin olunması üçün regional əməkdaşlıq prioritet sayılır. Məsələn, uzun müddətdir Azərbaycan təyyarələri Ermənistan hava məkanından istifadə edərək Naxçıvana uçuşlar həyata keçirirdi. Artıq Ermənistan Baş naziri də Azərbaycanın hava məkanından istifadə edərək səfər edib ki, bu da münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər.

Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə regionda yeni kommunikasiya imkanları formalaşacaq, bu da həm Ermənistan–Azərbaycan münasibətlərinin, həm də ümumilikdə bölgədə əməkdaşlığın inkişafına töhfə verəcək. Ermənistan Baş naziri də açıqlamasında bildirmişdir ki, Azərbaycan tərəfinə müraciət edildikdən sonra razılıq əldə olunub və bu çərçivədə səfər reallaşdırılıb. Əgər Ermənistan bundan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, münasibətlərin tamamilə normallaşması real olacaqdır”.