NIPA-30

Əli Oruclu: “Baş nazirin səmimiyyəti yox, milli maraqları Türkiyə-Azərbaycanla əlaqələri sürətləndirir”

Son illərdə əldə etdiyimiz tarixi qələbələr və qətiyyətli ardıcıl siyasət ölkəmizin beynəlxalq müstəvidə mövqelərini gücləndirib. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunması regionda yeni geosiyasi reallıqlar formalaşdırmaqla yanaşı, Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyinə əlverişli zəmin yaradıb. Bu, sadəcə, Cənubi Qafqazda sabitlik və əməkdaşlığın inkişafına deyil, eyni zamanda, daha geniş coğrafiyada təhlükəsizlik və rifahın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin müstəqil və balanslı xarici siyasəti artıq regional çərçivədən çıxaraq qlobal xarakter daşımağa başlayıb. 

Dövlət başçısının “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasına ünvanladığı müraciət bu məqamları özündə ehtiva edir. Ölkə başçısı növbəti dəfə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını xüsusi önəm daşıyan tarixi hadisə kimi qiymətləndirib. Bir daha bəyan olunub ki, saziş təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə regionda sabitliyin və davamlı inkişafın təmin edilməsinə yönəlmiş mühüm irəliləyişdir. Xüsusən, qeyd etmək lazımdır ki, Vaşinqton görüşündən sonra Ermənistan Baş naziri N.Paşinyanın kifayət qədər aktivləşdiyi görünür. İrəvan rəsmiləri də praqmatik açıqlamalar səsləndirirlər. 

Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, Nikol Paşinyan Ermənistanı və erməniləri xilas etməyə çalışır. Ekspert vurğulayıb ki, baş nazir xarici güclərin ermənilərdən öz maraqları üçün vasitə kimi istifadə etməsinin, qonşularla müharibə vəziyyətinin, xəstə ideologiya və böyük ambisiyaların onları məhvə apardığını anlayır:

 “Hazırkı hakimiyyət çalışır ki, erməni cəmiyyətini sağaltsın, onu uçurumun astanasından qaytarsın və həqiqətləri başa salsın. Doğrudur, nəzərə alaq ki, Paşinyan da erməni kimliyinin daşıyıcısıdır. Sadəcə, mövcud reallıqlar baş naziri fərqli yanaşma və mövqe sərgiləməyə məcbur edir. 44 günlük müharibədən sonra Azərbaycanın parlaq zəfəri, artan beynəlxalq nüfuzu və əhəmiyyəti, həmçinin Rusiyanın çöküşü dünya düzənində yeni reallıqlar yaratdı. Cənubi Qafqaz Türkiyə və Azərbaycan tandeminin tam təsiri altına düşdü. Beynəlxalq güclər Bakının mövqeyi ilə razılaşmaq məcburiyyətində qaldı. Məhz Azərbaycanın fəal təşəbbüsü və diplomatik çevikliyi ilə döyüş meydanında qazanılan qələbələr daha da möhkəmləndirildi. Bakının irəli sürdüyü şərt və təkliflər əsasında iki dövlət arasında sülh sazişinin mətni hazırlandı və Vaşinqtonda paraflandı. Ağ Evdə Trampın vasitəçiliyi ilə keçirilən görüşlərdən və imzalanan tarixi sənədlərdən sonra bölgədə davamlı sülhün və təhlükəsizliyin əldə olunmasında qarşılıqlı münasibətlərin və ticari-iqtisadi, kommunikasiya əlaqələrinin qurulmasına geniş fürsətlər yarandı. Bu da imkan verdi ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan problemlərin həlli istiqamətində praktiki addımlar atılsın”. 

Ə.Orucluya görə, artıq müəyyən irəliləyişlərin şahidi oluruq:

 “Hər iki dövlət hava məkanlarını bir-birlərinə açıb. Müxtəlif səviyyəli nümayəndə heyətləri arasında görüşüb müzakirələr aparılır. Bakının razılığı ilə Ermənistanın Pakistan tərəfindən rəsmən tanınması, Türkiyə ilə sərhədlərin açılması kimi məsələlər üzərində fəal iş aparılır. Ola bilsin, yaxın perspektivdə mədəni və humanitar sahələrdə də təmaslar qurulsun. Cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin görüşləri və qarşılıqlı səfərləri də nəzərdən keçirilsin. Son vaxtlar Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində fəallıq da hiss olunur. Əvvəllər belə cəhdlər dəfələrlə göstərilsə də, uğursuz olub. Ancaq Bakı ilə İrəvan arasında gedən normallaşma fonunda sərhədlərin açılması yenidən aktuallaşıb. Qars-Gümrü dəmir yolu xəttinin istifadəyə verilməsi əsas müzakirə predmetinə çevrilib. Ermənistan Qərbə və beynəlxalq aləmə daha tez açılmağa can atır. İrəvanın bu açılımı ancaq Türkiyə üzərindədir. Türkiyə ilə normallaşmanın tezləşdirilməsi Paşinyanın səmimiyyətindən deyil, Ermənistanın milli maraqlarından irəli gəlir. Bu həm də təhlükəsizlik məsələsidir. Rusiya və İranın artan təhdidlərindən qorunmağın yolu Fransada, Hindistanda deyil, Azərbaycan və Türkiyədədir. Ona görə də Paşinyan və hakimiyyəti gec də olsa, ən optimal yolu seçməyin əhəmiyyətini getdikcə anlamaqdadır”.