NIPA-30

“Azərbaycan terrorçuluqdan, separatçılıqdan qurtulmağın nümunəsini yaratdı” – Millət vəkili

“Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri antiterror əməliyyatlarının növbəti ildönümə təsadüf edirdi. İki il əvvəl keçirilən lokal antiterror əməliyyatı ilə Azərbaycan terrorçuları tam olaraq ərazilərindən çıxara bildi və öz torpaqları üzərində suverenliyini təmin etdi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, artıq Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa və quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir:

“Yeni yollar çəkilir, dəmir yolları, avtomobil yolları salınır, qısa müddətdə üç beynəlxalq hava limanı istifadəyə verilib, yeni yaşayış binaları, sənaye obyektləri tikilir, sənaye parkları salınır. Faktiki olaraq 30 il ərzində işğala məruz qalmaqla yanaşı, xarabalığa çevrilmiş ərazilərimiz yenidən canlanıb. Qısa müddət ərzində sözün həqiqi mənasında çox böyük işlər görülüb. İnsanlarımızın geri qayıtmaları üçün minalanmış ərazilər təmizlənir və dədə-baba torpaqlarından didərgin düşmüş məcburi köçkün həyatı yaşayan Azərbaycan insanı öz doğma el-obasına qayıtmaqdadır. Dövlət başçısı həmin sakinlərin bir qrupu ilə görüşdü, çox mühüm mesajlar verdi. Əslində bu cür səfərlər hər dəfə yeni obyektlərin açılması, yeni infrastruktur layihələrinin ya təməlinin qoyulması, ya da başa çatması, Prezidentin açılış mərasimlərində iştirakı ilə yadda qalır. Eyni zamanda, Azərbaycan Prezidenti geri qayıdan sakinlərlə görüşdə həm dostlarımıza, həm düşmənlərimizə çox ciddi mesajlar vermiş oldu. Bu, əslində Azərbaycanın gücünü, qüdrətini göstərən amildir. Hər belə səfərdən, insanlarımızın geri qayıdış prosesindən sonra Azərbaycan vətəndaşları güclü dövlətin vətəndaşı olaraq bundan qürur duyur, əminliklə deyə bilərik ki, bu proses uğurla davam edir. Proses davam etdikcə torpaqlarımız tam olaraq məskunlaşdırılacaq, abadlaşdırılacaq, tam yeni görkəm almış olacaq”.

Deputat əlavə edib ki, iki il əvvəl tariximiz üçün çox böyük əhəmiyyətə malik olan hadisə baş verdi, hətta bir çoxlarının gözləmədiyi hadisəyə şahidlik etdik:

“Biz təbii ki, inanırdıq ki, torpaqlarımız işğaldan azad ediləcək. İnanırdıq ki, ərazi bütövlüyümüzü təmin edəcəyik. Amma bir çox məsələlər var idi ki, sözün həqiqi mənasında bəlkə də gözlənilməz oldu. Çünki orda 10 mindən artıq erməni terrorçu, silahlı birləşmələri var idi. Az vaxt ərzində onların ərazidən çıxarılması ilə sözün həqiqi mənasında mühüm bir addım atılmış oldu. Bunun əlbəttə ki, çox mühüm əhəmiyyəti var. Azərbaycan həm ərazilərini işğaldan azad etməklə, həm də terrorçuları ərazidən çıxarmaqla dünyaya yeni bir nümunə göstərmiş oldu – terrorçuluqdan, separatçılıqdan qurtulmağın Azərbaycan nümunəsi. Bu gün dünyanın bir çox ölkələri separatçılıqdan, terroçuluqdan əziyyət çəkir, terror qruplaşmaları ilə mübarizə davam edir. Amma Azərbaycan ərazilərini xüsusi olaraq vurğulamaq lazımdır ki, öz gücünə qısa müddət ərzində həyata keçirdiyi əməliyyatla terroçulardan, separatçılardan təmizlədi. Bununla da bir Azərbaycan nümunəsi ortaya qoydu, bu, misli görünməmiş bir əməliyyat idi. Bu əməliyyat tam bir sutka da çəkmədi. 23 saat ərzində 10 mindən çox erməni qanunsuz silahlıları, terrorçular zərərsizləşdirildi, böyük əksəriyyəti də təslim oldu”.