NIPA-30
arzuxan

Deputat: Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur

Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, yaz sessiyası dövründə “Xüsusi icra məmurları haqqında” qanun da qəbul edilib: “Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bu, birbaşa bizim komitəyə aid məsələdir və xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki adam işə bərpa olunması üçün məhkəməyə müraciət edir, uğur qazanır, amma məhkəmə qərarı icra olunmayanda problemlə üzləşir”.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə problemin əsas səbəbinin bankların faizləri və şərtləriylə, yəni əmlak, girov və maaş təminatı olmadan kreditlər verməsiylə əlaqədar olduğunu söyləyib: “340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır. Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacaq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin. Bununla bağlı yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə geri qayıtmayacaq, çünki vətəndaşın durumunu bilirdi”.