Afsəddin Nəbiyev: “Paşinyanın nəzəri açıqlamalarının real əməliyyatlara çevrilməsi hələ də ciddi şübhə doğurur”
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında bildirib ki, dəhlizdən silah nəqli də mümkündür.
O vurğulayıb ki, Bakı ilə qarşılıqlı razılıq əsasında istənilən layihə mümkündür: “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsi üzrə bütün əməliyyatlar ölkələr arasında qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, bu marşrut üzrə silah-sursat nəqlindən də söhbət gedə bilər. Bu şərt hər iki ölkəyə aiddir. Biz qərara gəlsək ki, silahı Naxçıvandan Mehriyə və əks istiqamətdə daşımaq istəyirik, bu mövzuda danışıqlara başlayacağıq”.
Belə məlum olur ki, Naxçıvanda yerləşən ordu birləşmələrimizi silah-sursatla təmin etməkdən ötrü Gürcüstan, Türkiyə üzərindən uzun yol qət etməyə ehtiyac olmayacaq.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, XXI əsrin geosiyasi reallıqları sübut edir ki, nəqliyyat-kommunikasiya xətləri sadəcə iqtisadi layihə deyil, həm də siyasi güc alətidir: “Bu baxımdan, Zəngəzur dəhlizi ideyası regionun gələcəyində mühüm rol oynaya biləcək strateji layihələrdən biridir. Ermənistan Baş naziri Nikol Paşinyanın “Tramp yolu” adlandırdığı bu marşrut barədə son açıqlaması diqqət çəkir. Onun sözlərinə görə, Bakı ilə qarşılıqlı razılaşma əsasında dəhliz üzərindən hətta silah-sursat daşınması da mümkündür. Əgər bu yanaşma real siyasi iradə ilə tamamlanarsa, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrinin təchizatında alternativ marşrutlara ehtiyac qalmayacaq. Lakin burada əsas sual Paşinyanın səmimiyyətindədir. Təcrübə göstərir ki, Ermənistan rəhbərliyinin bəyanatları çox vaxt daxili siyasi balansı qorumaq məqsədi daşıyır və praktiki addımlarla üst-üstə düşmür. Bu səbəbdən, nəzəri açıqlamaların real əməliyyatlara çevrilməsi hələ də ciddi şübhə doğurur. Digər tərəfdən, dəhlizin açılması təkcə hərbi-strateji məna daşımır. İqtisadi-ticarət dövriyyəsinin artması, yükdaşımaların sürətlənməsi və regionun tranzit imkanlarının genişlənməsi həm Azərbaycan, həm də Ermənistan üçün yeni imkanlar yaradacaq. Bu isə Cənubi Qafqazın iqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Beləliklə, Zəngəzur dəhlizi reallaşarsa, bölgədə iki əsas nəticə qaçılmaz olacaq. Siyasi çəki artımı – Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyasının inteqrasiyası güclənəcək. Ermənistan isə yeni reallıqlara adaptasiya olunmaq məcburiyyətində qalacaq. Naxçıvanın təcridi aradan qalxacaq, region dövlətlərinin tranzitdən əldə etdiyi gəlir artacaq və beynəlxalq şirkətlərin marağı yüksələcək. Nəticə etibarilə, Zəngəzur dəhlizi layihəsi Cənubi Qafqazın yalnız coğrafi deyil, həm də siyasi taleyini müəyyənləşdirə biləcək qlobal əhəmiyyətli bir mövzudur. Paşinyanın sözləri reallığa çevrilərsə, bu dəhliz regionu yeni əməkdaşlıq və inteqrasiya mərhələsinə çıxara bilər. Bütün bunların fonunda onu da qeyd etməliyəm ki, Ermənistan dəhlizin açılmasında hər gecikən gün üçün milyonlarla vəsaitdən məhrum olur. Odur ki, praktiki addımlar Ermənistan tərəfindən asılıdır, dəhlizi nə qədər tez açacaqlarsa qazanan tərəflərdən biri ermənilər olacaq”.