NIPA-30

Azərbaycan:Sülh və təhlükəsizliyə TƏMİNAT

“III Bakı Təhlükəsizlik Forumu çox böyük əhəmiyyətə malikdir”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin paytaxtımıza gəlməsi olduqca mühüm məsələdir: 

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən III Bakı Təhlükəsizlik Forumunda “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” müzakirə olundu.

Bu forum artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Üstəlik, Təhlükəsiz Forumunun paytaxtımızda keçirilməsi Azərbaycanın bölgədə yeni reallıqlar formalaşdırdığı dövrə təsadüf edir. Regionun təhlükəsizlik məsələlərində əsas məsuliyyət və söz sahibi də elə Azərbaycandır. Bunu tam mübaliğəsiz olaraq demək mümkündür”. 

Millət vəkili qeyd edib ki, yeni reallıqlar fonunda regionda dayanıqlı sülh və sabitliyin olması da Azərbaycanın üzərinə əlavə məsuliyyət qoyur: 

“Çünki ölkəmiz Cənubi Qafqazın əsas söz və güc sahibidir. Məlumdur ki, torpaqlarımız 30 ilə yaxın işğal altında idi. Həmin dönəmdə də regiona yönəlik fərqli bir yanaşma var idi. İnvestorlar gəlməyə çəkinirdilər. Lakin yeni reallıqlar fonunda regionda artıq stabillik mövcuddur. 

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bölgəyə bir sıra böyük investorların, şirkətlərin, eləcə də dövlətlərin marağını kifayət qədər artırıb. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma bu imkanları olduqca artırıb. Yəni bölgəmiz artıq investisiya qoymaq üçün əlverişli məkana çevrilib”. 

Partiya sədri onu da əlavə edib ki, Azərbaycan regionun təhlükəsizliyinə təminat verərək bölgəyə investorların cəlb olunması prosesində iştirak edir:

“Bu baxımdan, artıq yeni imkanlar formalaşır. Bu cür tədbirlərdə regionun əhəmiyyəti daha da artırılmış olur. 

Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Bundan sonra bölgədə kommunikasiya qovşaqları açılacaq və regiona yeni investisiyaların qoyulması ilə bağlı imkanlar daha da artırılacaq. Yəni ölkəmiz bölgənin sülh və təhlükəsizliyinə təminat verən qüvvə kimi çıxış edir. Belə tədbirlər də Azərbaycanın və regionun imkanlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır”.