NIPA-30

4 günlük iş həftəsi: istəklər və gerçəklər

Artıq dünyanın bir neçə ölkəsi 4 günlük iş həftəsini test mərhələsinə çıxarıb. Böyük Britaniyada aparılan pilot layihələr göstərib ki, işçilər həm məhsuldarlıq baxımından geri qalmayıb, həm də işə daha həvəslə qayıdıblar. Yaponiyada bəzi şirkətlər bu sistemi tətbiq edərək əməkdaşlarının stres səviyyəsinin azaldığını, ailəyə və şəxsi inkişaflarına daha çox zaman ayırdıqlarını müşahidə ediblər.

Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur. Lakin 4 günlük iş həftəsinin təhsil sahəsində ilk nümunəsi artıq Bakı Dövlət Universitetində təcrübədən keçirilir. Ali məktəbdə 2025/2026-cı dərs ilinin payız semestrində bakalavriat təhsil səviyyəsi üzrə bəzi ixtisaslarda həftəlik dərs yükü 4 günə uyğun olaraq 20-22 saat müəyyən edilib. Bundan sonra cəmiyyətdə sual yaranıb: Təhsil sistemində sınaqdan keçirilən bu model digər sahələrdə də tətbiq oluna bilərmi? Bəs görəsən 6 günlük iş həftəsi olan müəssisələr hər hansı yeniliyə keçə bilərmi? İş həftəsinin qısaldılması məhsuldarlığa və sosial həyata necə təsir göstərər?

Azərbaycan Prezidentinin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında hələlik bəzi təhsil müəssisələri və iş yerlərində günün azaldılması öz əksini tapıb.

Milli Məclisin deputatı Arzuxan Əlizadə bu iş rejiminin yaxın zamanda geniş tətbiqinin çətin olacağını söylədi:

– Çox az sayda ölkədə 4 günlük iş həftəsinə keçidlə bağlı məsələ müzakirə mövzusudur. Azərbaycanda da bununla bağlı hansısa qərar qəbul oluna bilər. Amma zaman-zaman bu məsələ gündəmə gəlir, iqtisadçılar öz fikirlərini bildirirlər. Düşünürəm ki, mütəxəssisilər bununla bağlı daha çox və ciddi araşdırma aparıb rəylərini bildirməlidirlər. Amma istənilən halda məsələ gündəmə gəlirsə və inkişaf etmiş bir sıra ölkələrdə bununla bağlı qərarlar hazırlanarsa, təbii ki, Azərbaycanda da müvafiq tədbirlərin görülmə ehtimalı var. Məsələ ilə əlaqədar ictimai müzakirələr aparılmalıdır. Çünki bu, olduqca ciddi məsələdir.