Rəşad Bayramov: “Konstitusiya dəyişiklikləri olmadan da sülh sazişi imzalana bilər, amma…”
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib.
Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur: “2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”.
Burada Paşinyanın səsləndirdiyi fikirlərin arxasında dayanan odur ki, Ermənistan Konstitusiyanı dəyişmədən Azərbaycanla sülh sazişini imzalaya bilər. Yəni sülh müqaviləsi imzalanandan sonra Konstitusiya məhkəməsi ərazi iddiasının olub-olmamasına baxacaq. Ərazi iddiası varsa, o zaman Konstitusiyanın dəyişməsinə qərar verəcək.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisin sədri Rəşad Bayramov hesab edir ki, sülh sazişinin qüvvəyə minməsi yalnız bunun hər iki ölkə parlamentində ratifikasiyasından sonra mümkündür: “Ondan sonra bunu dövlət başçıları təsdiq etməlidilər. Nəticə etibarı ilə Paşinyanın indi dedikləri sadəcə sülh sazişinin imzalanmasını tezləşdirmək üçün verilən bəyanatlardır. Bunu beynəlxalq tribunadan deyəndə də, əslində Azərbaycana bu istiqamətdə beynəlxalq təzyiq göstərilməsinə nail olmaq istəyir. Paşinyan seçkilərə gedir və seçki dövründə də özünün təbliğat kampaniyasında istifadə edəcəyi ən böyük uğur məhz sülh sazişinin imzalanması ola bilər. Təbii ki, bu mümkün olmayacağı halda Paşinyan sülh sazişinin paraflanmasını sülh sazişi kimi təqdim edərək, bundan seçki kampaniyasında öz xeyrinə istifadə etməyə çalışacaq. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ Paşinyanın beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdləridir. Məlumdur ki, Ermənistan Konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiaları yer alır. 2005-2015-ci illərdə Ermənistan Konstitusiyasına müəyyən dəyişikliklər edilsə də, Azərbaycana qarşı ərazi iddiaları olduğu kimi qalmışdı. Bundan başqa, Ermənistan Konstitusiya Məhkəməsinin 2001-2010-cu illərdəki ayrı-ayrı qərarlarında məhz müstəqillik haqda bəyannaməyə istinadlar var. Üstəlik, ayrı-ayrı vaxtlarda işğala haqq qazandıran qərarlar var. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı kifayət qədər ərazi iddiaları yer alır və Paşinyan da bunları yaxşı bilir. İndi beynəlxalq tribunada bunun bu şəkildə təqdim edilməsi Paşinyanı sığortalamır. Ermənistan sözügedən məsələləri Konstitusiyadan çıxarmaqla bağlı real və konkret addımlar atmalıdır. Konstitusiya dəyişiklikləri olmadan da sülh sazişi imzalana bilər. Lakin bunun hər hansı hüquqi əsası olmayacaq və praktiki nəticəyə yönəlməyəcək. Ona görə də Ermənistan tələb edilən addımları atmalıdır”.