NIPA-30

Arzuxan Əlizadə: “Azərbaycan münasibətlərin normallaşmasında maraqlıdır, lakin qarşı tərəf də adekvat addımlar atmalıdır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutacaq. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə görüşlə bağlı Yenifikir.media-ya açıqlama verib.

Deputat bildirib ki, bu gün Tacikistanda MDB dövlət başçılarının toplantısı keçiriləcək və Azərbaycan Prezidenti cənab İlham Əliyev də tədbirdə iştirak edəcək. Onun sözlərinə görə, toplantı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşün baş tutacağı gözlənilir və bu, xüsusilə diqqət çəkir.

Arzuxan Əlizadə qeyd edib ki, hazırda Azərbaycan–Rusiya münasibətləri ən gərgin mərhələlərindən birini yaşayır və bu şəraitdə keçiriləcək görüş böyük maraq doğurur:
“Bir çox məsələlər var ki, onlara aydınlıq gətirilməlidir. Münasibətlərin normallaşması istiqamətində bu gün baş tuta biləcək görüşün əhəmiyyəti böyük ola bilər. Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə normal münasibətlərin formalaşmasında maraqlıdır və bunu atdığı addımlarla dəfələrlə sübut edib.”

Deputat bildirib ki, təəssüf ki, qarşı tərəfin aqressiv davranışları və qeyri-adekvat münasibəti hazırkı gərginliyə səbəb olub: “Ötən ilin dekabrın 25-də ‘Azərbaycan Hava Yolları’na məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması, ardınca üzr istənilsə də təzminatın ödənilməməsi və cinayətkarların cəzalandırılmaması, əvəzində Azərbaycana qarşı aqressiyanın nümayiş etdirilməsi münasibətləri gərginləşdirdi.”

Onun sözlərinə görə, bu aqressiya təkcə dövlətlərarası münasibətlərlə məhdudlaşmayıb, Rusiyada yaşayan azərbaycanlılara da təsir edib: “Diaspora nümayəndələrinin, iş adamlarının, miqrantların hədəfə alınması, hətta ölüm halları və işgəncə faktları baş verib. İctimai-siyasi mühitdə fəal olan, sözü keçən diaspora rəhbərlərinin və tanınmış iş adamlarının təzyiqlərlə üzləşməsi prosesi davam edir.”

Arzuxan Əlizadə vurğulayıb ki, yaranmış gərginlik birbaşa Rusiya tərəfinin atdığı addımların nəticəsidir və bu proseslər Putinin nəzarəti altında həyata keçirilir:
“Rusiyada onun razılığı olmadan hər hansı addımın atılması mümkün deyil. Azərbaycan bütün bu hallar fonunda həm təyyarənin vurulması, həm də digər qanunsuz hərəkətlərə görə Rusiyadan üzrxahlıq və beynəlxalq hüquqa uyğun addımlar gözləyir. Əgər bu baş verməsə, münasibətlərin normallaşmasından danışmaq mümkün olmayacaq.”

Partiya sədri sonda əlavə edib ki, Azərbaycan münasibətlərin normallaşmasında maraqlı olaraq qalır, lakin bunun üçün qarşı tərəf də adekvat addımlar atmalıdır:
“Əks halda, münasibətlərin yaxşılaşacağını və bu görüşlərin müsbət nəticə verəcəyini gözləmək real deyil.”