Bakını hədəf alan məşhur ruslar: Əliyevlə Putin onları belə susdurdu
Son günlər Rusiya mediasında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Belə ki, uzun müddətdir anti-Azərbaycan ritorikası ilə tanınan Vladimir Solovyov, Konstantin Zatulin, Marqarita Simonyan kimi aparıcı və siyasətçilərin efirdə çıxışları əvvəlki kimi kəskin səslənmir. Bəzi analitiklər bunu Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin Düşənbə görüşündən sonra formalaşan yeni siyasi tonla əlaqələndirirlər.
Bu qəbildən olan çıxışların səngiməsi təsadüfdür, yoxsa prezidentlərin ortaq mövqeyindən irəli gəlir?
Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Rusiyada həm media, həm də bəzi rəsmilər ölkəmizə qarşı uzun müddətdir mənfi münasibət sərgiləyirdi:
“Xüsusilə Solovyov, Zatulin kimi şəxslər və digər anti-Azərbaycan qüvvələr media vasitəsilə açıq şəkildə ölkəmizə qarşı təbliğat aparırdılar. Onların bu fikirləri Rusiyanın rəsmi siyasi mövqeyini əks etdirirdi. Çünki Vladimir Putin və administrasiyasının razılığı olmadan belə ritorika ilə çıxış etmək mümkün deyildi. Lakin prezidentlərin Düşənbə görüşündən sonra yanaşma dəyişdi, Rusiyanın siyasi rəhbərliyində, xüsusilə prezident səviyyəsində Azərbaycana münasibətdə yeni mərhələ başladı. Qarşıdakı dövrdə bu siyasətin hansı istiqamətdə davam edəcəyini daha aydın görmək mümkün olacaq”.
Millət vəkili qeyd edib ki, İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan mövqeyi nəticəsində rəsmi Bakının haqlı tələbləri faktiki olaraq qəbul edildi:
“Hazırda Rusiya mediası ilə yanaşı, siyasi dairələrində də Azərbaycana münasibətdə müsbət ton hiss olunur. Ümid edirəm ki, bundan sonra qarşı tərəf son 10 ay ərzində göstərdiyi aqressiv mövqedən tamamilə uzaqlaşacaq və əlaqələrdə real istilik yaranacaq. Təəssüf ki, həmin müddətdə Rusiyada Azərbaycan diasporasının nümayəndələrinə qarşı hücumlar, miqrant və iş adamlarımıza qarşı təzyiqlər, hətta cinayət hadisələri də baş verdi. Bu cür halların geridə qalması və iki ölkə arasında münasibətlərin normal məcraya qayıtması arzuolunandır”.