NIPA-30

Ramiz Mehdiyev dövrünün nostalji hisləri ilə yaşayan bəzi siyasilər var – DEPUTAT

“Azərbaycanda siyasi partiyalaşma institutu ölkə müstəqillik əldə etdikdən sonra formalaşmağa başladı. Ancaq müəyyən müddət keçəndən sonra partiyalara münasibətdə bir ögeylik özünü göstərməyə başladı”.

Bunu Azinforum.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirib.

Millət vəkilinin fikrincə, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasına rəhbərlik etdiyi dövrdə partiyalara münasibətdə bir ögey-doğmalıq var idi: “Biz bunu hər zaman demişik. Bir sıra partiyalar var idi ki, həmin siyasi təşkilatlar Ramiz Mehdiyevin və onun komandasının imtiyazlı siyahısında idi. Ancaq digər partiyaların əksəriyyətinə bir ögey münasibət sərgilənirdi. Nəhayət 2019-cu ilin noyabrında Azərbaycanda bir ilk yaşandı. Prezident Administrasiyası nəzdində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşdı. 2020-ci ildən başlayaraq ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər başladı. O zaman 60-dan artıq siyasi təşkilat fəaliyyət göstərirdi. Onların içində qeydiyyata alınanlar və alınmayanlar var idi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  Ədalət Vəliyevin partiya rəhbərləri ilə tanışlıq görüşləri oldu. Ondan sonrakı dönəmdə bu proses davam etməyə başladı. Bununla Azərbaycan Prezidenti yeni siyasi münasibətlər sisteminin formalaşmasının vacibliyi ilə bağlı məsələni gündəmə gətirdi. Bununla bağlı siyasi iradəsini ortaya qoydu. Ondan sonra siyasi partiyalara yanaşmada kifayət qədər ciddi müsbətə doğru dəyişiklik baş verdi. Faktiki olaraq partiyalar üçün sağlam rəqabət mühiti formalaşmış oldu. Bu sağlam rəqabət mühitində siyasi partiyaların proseslərdə iştirakı artıq siyasi təşkilatların gücünə, elektoratına bağlı məsələ kimi gündəmə gəldi. Təbii ki, rəqabət mühitində kənarda qalan partiyalar oldu. Artıq əvvəlki dönəmlərdə gücü olmayan və yaxud da ki, prosesdə iştirak etmək istəməyən bir sıra siyasi təşkilatlar kənarda qalan, fəaliyyətini dayandıran partiyalar oldu. 2023-cü ildə Partiyalar Haqqında yeni qanun qəbul ediləndən sonra partiyaların növbəti qeydiyyatdan keçmə prosesi oldu. Bu prosesdən sonra hazırda ölkədə 26 siyasi partiya fəaliyyət göstərir. Nəticədə dayanıqlı siyasi münasibətlər sistemi formalaşıb. Ən əsası partiyaların 2020-ci ilin əvvəllərindən başlayaraq partiyalar arasında münasibətlər sağlamlaşıb. Əvvəlki dönəmlərdə bəzi partiyalar arasında mövcud olan mənfi münasibətlər ortadan qalxıb. Bütün bunlar bütövlükdə, vahid məqsəd uğrunda birləşmə imkanları yaratmış oldu. Biz bunun çox uğurlu nəticəsini İkinci Qarabağ müharibəsində gördük. Həmin və ondan sonrakı dövrdə də partiyalar vahid mövqedən çıxış etdilər. Bu, ona imkan verdi ki, ölkə xaricində olan təhdidlər önlənmiş oldu. Partiyalar milli və dövlətçilik maraqlarından çıxış edərək vahid mövqe ortaya qoydular. Belə bir mühitin formalaşması artıq kənar təhdidləri önləmiş oldu. Sirr deyil ki, Azərbaycana kənardan müxtəlif təhdidlər var. Siyasi həmrəylik regional güclərin Azərbaycanda nüfuz maraqlarının güclənməsinin qarşısını aldı. Müharibə və ondan sonrakı dövrdə yaranmış siyasi münasibətlər sistemi, dialoq mühiti ona imkan verdi ki, siyasi partiyalar dövlətin, ordunun yanında oldular. Nəticədə bütün kənar təhdidlərin qarşısı alındı. Hazırda da ölkədə 26 partiya fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəzən keçmiş dövrün – Ramiz Mehdiyev dövrünün nostalji hisləri ilə yaşayan bəzi siyasilər var. Bu siyasilər indiki mövcud durumun qiymətləndirilməsində bir çox hallarda öz çıxışlarında qeyri-obyektivlik nümayiş etdirirlər. Ancaq istənilən halda hazırda siyasi partiyalar arasında əvvəlkindən qat-qat daha yaxşı mühit formalaşıb. Halbuki, əvvəllər siyasi partiyalar arasında münasibətlərdə çox ciddi problemlər var idi. İndi o münasibətlər normal məcradadır. Eləcədə hakimiyyətlə münasibətlər, proseslərdə iştirak imkanlarının yaradılması artıq onu deməyə əsas verir ki, hazırda Azərbaycan Prezidentinin elan etdiyi yeni siyasi münasibətlər sistemi nə adlanmaqdan asılı olmayaraq istənilən halda siyasi partiyalara sağlam rəqabət aparmaq imkanı yaradılıb. Belə sağlam mühitin formalaşmasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməyi xüsusi qeyd edilməlidir”.