NIPA-30
arzuxan

Xameneidən dünyanı qorxuya salan NÜVƏ MESAJI – İran yenidən HƏDƏF TAXTASINDA

Xəbər verdiyimiz kimi, İranın Ali dini lideri Əli Xamenei ölkə idmançıları ilə görüşündə ABŞ Prezidenti Donald Trampın İsraildə səsləndirdiyi fikirlərini “boş sözlər” adlandıraraq, onu  yalan danışmaqda ittiham edib.

Belə ki, həmin görüşdə Xamneyi Amerika liderinin İranın nüvə potensialının məhv edilməsi ilə bağlı iddiasını rədd edib:

“ABŞ prezidenti fəxrlə bəyan edir ki, onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Yaxşı, xəyal etməyə davam edin”.

Qeyd edək ki, oktyabrın 9-da Tramp ABŞ İran daxilindəki hədəfləri vurmasaydı, Tehranın artıq nüvə silahı əldə edə biləcəyini vurğulayıb. Xatırladaq ki, iyunun 13-də İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ isə münaqişənin 9-cu günü İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. 12 günlük savaşdan sonra, iyunun 24-də isə atəşkəs elan edilib.

Bu fonda Xameneinin nüvə ehtiyatlarının olduğunu etiraf etməsi görəsən, İrana növbəti zərbələrin endirilməsinə gətirib çıxaracaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi ki, Xameneinin açıqlaması daxili auditoriyaya hesablansa da, onun İranı növbəti dəfə hədəfə gətirə biləcəyini də istisna etmədi:

“İranın Ali dini lideri bu çıxışı ilə ABŞ Prezidenti Donald Trampı hədəfə gətirir. Tramp İsraildə etdiyi çıxışında 12 günlük müharibə ilə İranın nüvə potensialının tamamilə sıradan çıxarıldığı və belədə Tehranın faktiki olaraq gələcəkdə də nüvə silahına malik olma imkanının aradan qaldırıldığını bəyan edib. O, həmçinin İranın bu istiqamətdə yeni cəhdləri olacaqsa, bununla bağlı da tədbirlər görüləcəyini deyib.

Xamenei də Trampın çıxışına istinad edərək, faktiki olaraq onu təhqir edib və lağa qoyub. Dini lider Trampın axmaq davranışlar həyata keçirdiyini və boş sözlər danışdığını deyib. Həmçinin, lağa qoyaraq, “qoy yuxu görməkdə davam etsin” ifadəsini də işlədib”.

Daxili auditoriyaya hesablanmış açıqlama.

Deputatın fikrincə, bununla faktiki olaraq Xamenei İranın nüvə potensialına malik olduğunu demək istəyib:

“Eyni zamanda, onu da vurğulayıb ki, ABŞ nüvə dövləti olaraq digər ölkələrə, eləcə də İrana nəyisə əldə etməklə bağlı göstəriş verə bilməz. İran bu məsələdə hansı addım atmağı uyğun biləcəksə, onu da atacaq.
 

Bir ay əvvəl isə Xamenei çıxışlarının birində bəyan etmişdi ki, İranın potensialı var, amma nüvə silahı əldə etmək fikri yoxdur. Yəni hər iki açıqlama əslində İranın nüvə imkanlarına malik olma və gələcəkdə nüvə silahı istehsal etmə imkanlarını sözdə nümayiş etdirmək deməkdir. Bunlar daha çox daxili auditoriyaya hesablanmış açıqlamadır”.


“Xamenei bu çıxışı ilə İranı növbəti zərbələrə məruz qoyacaq”.

Partiya sədri Xameneinin açıqlamasını İran üçün təhlükəli hesab edir:

“İstənilən halda Xameneinin bu fikirləri İranı növbəti dəfə hədəfə gətirə bilər. 12 günlük müharibənin davamı olaraq İrana qarşı növbəti zərbələr də endirilə bilər. Bu istisna edilmir. İsrail və ABŞ, İran bu fikirdə olacaqsa, qarşısını alacaqlarını bəyan ediblər”.