Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir – RƏY
“Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib. Baş nazir vurğulayıb ki, bunlar “TRIPP” marşrut proqramı (Zəngəzur dəhlizi) çərçivəsində müzakirə olunur: “Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”.
Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir: “Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”. Xatırladaq ki, Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən Zəngəzur dəhlizinin üç il ərzində açıla biləcəyini deyib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir: “Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında davamlı və diversifikasiya olunmuş əlaqələrin inkişafı regionun iqtisadi potensialını açmaq və uzunmüddətli rifahı təmin etmək üçün açar rol oynayır. Mirzoyanın sözlərinə görə, Vaşinqton görüşü bölgədə kommunikasiyaların açılması üçün real fürsət yaradıb: “TRIPP proqramının tam həyata keçirilməsi Cənubi Qafqazı səmərəli və təhlükəsiz tranzit və logistika mərkəzinə çevirə bilər”.
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a deyib ki, Azərbaycan logistika imkanları və coğrafi baxımdan elə bir mövqedədir ki, istər Şərq-Qərb, istər Şimal-Cənub, istərsə də Orta Dəhliz layihələrində əsas mərkəz rolunu oynayır. Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin təşəbbüskarı Azərbaycandır:
“Bu dəhliz Asiyadan Avropaya və bütün dünyaya yeni çıxış imkanları açır. Artıq reallaşmaqda olan bu layihə daha az zaman və daha az məsrəf tələb etməsi ilə diqqəti cəlb edir. 8 avqust Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin, yeni adı ilə “TRİPP” layihəsinin reallaşması istiqamətində müəyyən işlər artıq görülməyə başlanılıb. Azərbaycan Prezidenti Qazaxıstan səfərində konkret rəqəmlərdən danışdı. Dövlət başçısı vurğuladı ki, gələn ilin ortalarınadək Zəngəzur dəhlizinin həm dəmiryolu, həm də avtomobil yolları bizim tərəfdə tam şəkildə yekunlaşacaq. Ümid edirik ki, yaxın dönəmdə digər ölkələrdə də bu kommunikasiya qovşağının seqmentləri paralel olaraq hazırlanacaq. Prezident bəyan etdi ki, 2028-ci ilin sonunadək Zəngəzur dəhlizinin açılması gözlənilir. Bu, çox mühüm müjdədir. Dəhlizin ən tez zamanda fəaliyyətə başlaması üçün Azərbaycanın səyləri yüksəkdir. Diplomatik və siyasi müstəvidə bu məsələlər diqqət mərkəzindədir”.
Parlamentari qeyd edib ki, ABŞ kimi bir supergücün prosesdə iştirakı onu deməyə əsas verir ki, proses geridönməz xarakter alıb:
“Eyni zamanda böyük dövlətlərin də Zəngəzur dəhlizinin açılmasında marağı var. ABŞ ilə yanaşı, Çinin, eyni zamanda Böyük Britaniya başda olmaqla Avropa ölkələrinin də marağındadır ki, Zəngəzur dəhlizi işə düşsün. Region ölkələri də bu layihədən çox böyük dividendlər əldə edəcək. Siyasət iqtisadiyyat üzərində qurulur. Əgər dünyanın aparıcı dövlətləri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırsa, layihənin reallaşması qaçılmazdır. Məlumdur ki, Ermənistana Azərbaycan üzərindən yük daşımalarında məhdudiyyət qaldırılıb və bu qərar İrəvanda çox pozitiv qarşılanıb. Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınacaq. Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir. Əgər Ermənistan 30 il ərzində işğalçılıqla məşğul olmasaydı, Azərbaycan üzərindən reallaşan digər layihələrdən də faydalanardı. Gec də olsa, anladılar. Zəngəzur dəhlizinin açılması da məhz Ermənistanı təcriddən xilas edəcək”.