İlham Əliyev Ermənistan barədə qərarın vaxtını məqsədli seçdi…
Məlum olduğu kimi, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
Ölkə başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Göründüyü kimi, Azərbaycanın Ermənistana yük məhdudiyyətlərinin götürülməsi xəbərini ilk dəfə Prezident İlham Əliyev 21 oktyabrda Astanada açıqladı. Maraqlıdır, niyə məhz indi açıqladı bu xəbəri? Belə görünür ki, bu məsələ çoxdan müzakirə olunurmuş. Həm də Ermənistanda da artıq bu sual deputatlar və digərləri tərəfindən verilir ki, niyə İlham Əliyev bu məsələni məhz indi açdı?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bunu bir sıra amillərlə əlaqələndirdi: “Çox böyük ehtimalla, bu məsələ Ermənistan tərəfindən bir müddətdir ki, qaldırılıb və Azərbaycan tərəfinə bununla bağlı xahişlər olub. İndi isə məhz Qazaxıstanda bu məsələnin prezident İlham Əliyev tərəfindən elan olunması Tokayevin də bu istiqamətdə təşəbbüs göstərdiyini deməyə əsas verir. Bu xəbərin Astanada elan olunması və məhdudiyyətlərin götürülməsindən sonra ilk yükün də məhz Qazaxıstan taxılı olması bu ehtimalları artırır. Ümumiyyətlə isə, bu qərarın verilməsi Azərbaycanın müsbət jesti kimi qiymətləndirilməlidir və bu addım əslində Ermənistan üçün verilmiş bir mesajdır. Uzun illər ərzində faktiki blokada vəziyyətində qalan bir ölkə olaraq Ermənistanın bu mesajdan nəticə çıxarması lazımdır. Təbii ki, Azərbaycanın xoş niyyətini ortaya qoyur, amma Ermənistan tərəfindən bu xoş niyyətin düzgün dərk edilməyəcəyi və ya bu niyyətə adekvat münasibət göstərilməyəcəyi halda yük tranziti ilə bağlı aradan qaldırılan maneələr də davamlı olmayacaq. Odur ki, bu addım və ümumiyyətlə bundan sonra atıla biləcək addımlarla bağlı Ermənistan tərəfinin də konkret addımlar atması lazımdır. Biz sülhdə və eləcə də ikitərəfli münasibətlərin bərpasında səmimi olduğumuzu, ərazilərimizdən keçən nəqliyyat dəhlizlərindən sülh quruculuğu üçün istifadəyə hazır olduğumuzu ortaya qoymuşuq. Ermənistan da kifayət qədər yaxşı dərk edir ki, Azərbaycanla Ermənistan arasında yük tranzitinin bərpası Ermənistan üçün yeni imkanlar aça bilər. Bu, Ermənistan üçün uzun illərin blokadasından çıxış, Azərbaycan vasitəsilə reallaşan regional iqtisadi sistemə inteqrasiya üçün yeni imkanlar əldə etmək deməkdir. Azərbaycan və Ermənistan arasında yük tranzitinin bərpası təkcə iki ölkə üçün deyil, region ölkələri üçün də yeni imkanlar vəd edir. Odur ki, bu prosesin davamlı olması və yeni imkanların təmin edilməsi indi Ermənistan tərəfindən asılıdır. Yəni başqa sözlə, bütün bunlar Ermənistanın sülhə hazırlığından və nə dərəcədə səmimi olmasından asılıdır. Bunu isbatlamağın yolu isə Azərbaycana qarşı ərazi iddilarından imtinadan, yəni Konstitusiya dəyişikliyindən və Zəngəzur dəhlizi istiqamətində fəaliyyətin sürətlənməsindən keçir”.