NIPA-30

Afsəddin Nəbiyev: “İki ölkə arasında sərhəddə sabitlik Aİ missiyası hesabına deyil”

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası “X” səhifəsində post dərc edərək, “gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul xidməti apardığını” yazıb.

Sözügedən paylaşımın məhz indi – Azərbaycanın öz sülh gündəmini real addımlarla təsdiq etdiyi bir vaxtda meydana çıxması təsadüfdürmü? Belə bir məqamda bu cür açıqlamanın yayılması nə deməkdir? Sanki Aİ missiyası belə təəssürat yaratmağa çalışır ki, bölgədəki sabitlik məhz onun xidməti sayəsində mümkün olub.

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında Aİ missiyasının belə pozucu mövqedən çıxış etməsini bir sıra amillərlə əlaqələndirdi: “İki ölkə arasında sərhəddə sabitlik Aİ missiyası hesabına deyil. Bu, tərəflər arasında olan siyasi istək və birbaşa danışıqların nəticəsidir. Bu cür açıqlamanın regionda sülh prosesinin aktiv şəkildə irəlilədiyi bir mərhələdə yayımlanması təsadüfi hesab edilə bilməz. Azərbaycan Respublikası sülh gündəliyinə sadiq qalaraq, Ermənistanla birbaşa və vasitəçisiz danışıqlar aparmaqla mühüm irəliləyişlərə nail olub. Hazırda iki ölkənin müvafiq qurumları arasında aparılan müzakirələr konstruktiv xarakter daşıyır və regionda sabitliyin təmin olunmasına real töhfə verir. Tarixi təcrübə göstərir ki, münaqişənin ilk illərindən etibarən müxtəlif beynəlxalq aktorlar bu prosesə müxtəlif modellərlə müdaxilə etməyə çalışıb, lakin bu cəhdlərin heç biri dayanıqlı nəticə verməyib. Nümunə üçün belə faktlar çoxdur. Uzun illər keçmiş ATƏT-in Minsk Qrupu da eynilə buna oxşar müzakirə şousu yaratmaqla belə bir fəaliyyət növü ilə məşğul oldu və nəticəsi də hər birimizə məlumdur. Azərbaycanın uğurlu diplomatik səyləri nəticəsində Minsk Qrupu tarixin arxivinə gömüldü. Tam əminliklə deyirəm ki, Avropa “müşahidə missiyası”nı Minsk Qrupunun taleyi gözləyir. Bu baxımdan, hesab edirəm ki, sülh prosesinin uğurla davam etməsi üçün üçüncü tərəflərin müdaxiləsindən uzaq, birbaşa dialoq və qarşılıqlı etimad əsaslı yanaşma daha məqsədəuyğundur. Avropa İttifaqı missiyasının bölgədəki sabitliyi öz fəaliyyəti ilə əlaqələndirməyə yönəlmiş açıqlamaları reallığı əks etdirmir və sülh prosesinin mahiyyətini kölgələyə bilər. Azərbaycan tərəfi, bu cür yanaşmaların əvəzinə, tərəflər arasında birbaşa və şəffaf əməkdaşlığın təşviq edilməsini daha səmərəli hesab edir. Dövlətimiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atmağa davam edir. Ən əsası da odur ki, Ermənistan tərəfi hələlik bu addımları yüksək qiymətləndirməklə yanaşı rasional davranış nümayiş etdirir. Belə davam etdikcə demək olar ki, sülhün bir addımlığındayıq. Son addımlar bunu deməyə əsas verir. Hər iki tərəf sülhə tam nail olduqdan sonra Avropa müşahidə missiyası öz turistik səfərini tamamlayıb qınına çəkiləcək”.