Rəşad Bayramov: “Azərbaycan onunla təhdid dilində danışmağın mümkün olmadığını dəfələrlə sübut edib”
Avropa Ravvinləri Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan qurultayı təxirə salınıb.
Bu haqda “The Jerusalem Post” yazıb.
Tədbirin ləğvi təhlükəsizlik səbəbləri ilə izah olunur. Avropa Ravvinləri Konfransı bildirir ki, tədbir 3-6 noyabr tarixlərində keçirilməli idi. Qurultayda din azadlığı, Avropada antisemitizm və “İbrahim sazişləri” müzakirə olunacaqdı. O da məlum olub ki, qurultaya 600-dək iştirakçının, o cümlədən Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlərin, dini liderlərin, siyasi və ictimai xadimlərin qatılacağı gözlənilirdi.
“The Jerusalem Post” yazıb ki, MOSSAD İrandan gələn təhdidlərlə bağlı məlumat verib və bu səbəbdən konfrans təxirə salınıb. İddia edilir ki, guya İran Azərbaycana bu konfransın Bakıda keçirilməməsi ilə bağlı təzyiq göstərib.
Əvvəla, İran bununla bağlı Azərbaycanı hədələyə bilməz. İkincisi, hətta hədələsə belə, Azərbaycan bu hədəyə baxan deyil. Çünki Azərbaycan daxili işlərini tamamilə müstəqil görməyə adət edib. Azərbaycanda böyük yəhudi icması var. O baxımdan ravvinlərin Bakıda toplanmasının İrana nə dəxli var? İran narahat ola bilər, amma Azərbaycana təsir göstərə bilməz. Azərbaycan belə təzyiqlərə boyun əyə bilməz. Üstəlik, buna Azərbaycan XİN-i heç bir reaksiya verməyib. Deməli, bu, İsrailin özünün mövqeyidir və özləri tədbiri təxirə salıblar. Bu, heç də İranın Azərbaycana göstərdiyi təzyiqlə bağlı deyil və ola bilməz. Belə görünür ki, onlar özləri bunu təxirə salıblar.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Avropa Ravvinləri Konfransı tədbiri ilk dəfə müsəlman ölkəsində keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı: “Bu, təkcə dünya yəhudilərinin maraqları baxımından deyil, eyni zamanda Azərbaycanın özünün dünyada mövqelərini gücləndirməsi baxımından əhəmiyyətli olardı. Sözügedən tədbirin Bakıda keçirilməsi təbii qarşılanmalı idi. Ona görə ki, uzun müddətə dayanan Azərbaycan-İsrail münasibətləri var. Həm də ki, Azərbaycan ən çox yəhudi icmasının üzvü olan ölkədir. Üstəgəl, ölkəmizin multikultural dəyərlərə verdiyi töhfələr, dini tolerantlıq və digər məsələlər müxtəlif dindən olan şəxslərin çox rahat şəkildə Azərbaycanda bu və ya digər tədbir keçirməsinə imkan verir. Əlbəttə ki, tədbir baş tutsaydı. Çünki Azərbaycan tərəfi tədbirin Bakıda keçirilməsinə öz razılığını vermişdi. Hər hansı bir təhdid, təzyiq və s. də Azərbaycanın bu tədbiri təxirə salmasına imkan verə bilməzdi. Çünki Azərbaycan onunla təhdid dilində danışmağın mümkün olmadığını dəfələrlə sübut edib. Bunu ən güclü siyasi mərkəzlərə belə sübut edib. Odur ki, tədbirin İranın təhdidləri səbəbindən təxirə salınması barədə deyilənlər sadəcə cəfəngiyatdır. İran sadəcə bu cür təbliğatla özünün üstün mövqedə olduğunu, Azərbaycana təsir imkanlarının olduğunu nümayiş etdirməyə cəhd edir. Əslində isə bu, mümkün olmayan bir şeydir. Azərbaycan öz milli maraqları və digər məsələlərdə hər hansı bir təhdidə indiyə qədər boyun əyməyib. Bundan sonra da boyun əyməyəcək. Tədbirin təxirə salınması təşkilatçıların istəyi ilə bağlı olub, yəni yəhudi tərəf bunu istəməyib. Ona görə də bunu Azərbaycan tərəfinə təzyiqlə əlaqələndirmək doğru deyil. Başqa bir tərəfdən, Avropa Ravvinləri Konfransının təxirə salınması belə bir tədbirin nə vaxtsa Bakıda keçirilməyəcəyi anlamına gəlmir. O baxımdan gələcəkdə bu tədbirin Bakıda keçirilməsi baş tuta bilər”.