NIPA-30
arzuxan

Rusiya Ermənistandakı seçkilərdən istifadə etməyə çalışacaq – Deputat

Moldova prezidenti Maya Sandu qeyd edib ki, Rusiya qarşıdan gələn parlament seçkilərində Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaq. Bəs bu, nə dərəcədə realdır?

Bu barədə Demokrat.aza danışan millət vəkili Arzuxan Əlizadənin sözlərinə görə, Rusiyanın keçmiş post-sovet məkanında olan ölkələri nəzarətdə saxlamaq istəyi sirr deyil:

“Zaman-zaman Rusiyanın bu ölkələrdə mövqeyi zəifləməkdədir. Xüsusən Ukraynadakı müharibə fonuda Rusiyanın özünün problemləri onun digər ölkələrə nəzarət imkanlarını zəiflədib. 

Bu yaxınlarda Moldovada parlament seçkiləri keçirildi. Keçmiş prezident İqor Dodonun timsalında Rusiyanın dəstəyi var idi və Rusiya onu dəstəkləyən qüvvələrin köməyi ilə Moldovanı nəzarətə götürmək istəyirdi. Amma buna nail ola bilmədi. Ermənistanda da qarşıda parlament seçkiləri gözlənilir, Rusiyanın öz adamları vasitəsilə aktivləşməsi göz önündədir. İstər Sarkisyan və Koçaryan, istər digər Rusiyameyilli qüvvələrin vasitəsilə Paşinyana qarşı bir cəbhə açılması planlaşdırılır.

Moldova prezidentinin dediklərində həqiqət var ki, Rusiya seçkilərdən istifadə edərək Ermənistanda mövqeyini gücləndirməyi hədəfləyir. Çünki artıq Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması fonunda Rusiyanın Ermənistan üzərindən Cənubi Qafqaza nəzarət imkanları sıfırlanır. Ona görə hesab edirəm ki, Rusiya çalışacaq ki, Ermənistanda dayaqlarını itirməsin”.