NIPA-30

Tıxacları azaltmaq üçün iş qrafikləri dəyişəcək? – AÇIQLAMA

“İş qrafikinin azaldılması hazırda müzakirə mövzusu olmamalıdır. Çünki mövcud reallıqlar fonunda iş saatlarının azaldılmasının ciddi müsbət nəticə verəcəyini düşünmürəm”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.

O bildirib ki, xüsusilə də Bakıda tıxac probleminin aradan qaldırılması üçün önləyici tədbirlərin görülməsi vacibdir:

“Bu istiqamətdə daha ciddi və məqsədyönlü addımlar atılmalıdır. Belə tədbirlərdən biri də müxtəlif müəssisələr, o cümlədən təhsil müəssisələri üçün iş qrafiklərinin fərqli şəkildə tənzimlənməsidir. 

Müəssisələr üzrə iş saatlarının başlanma və bitmə vaxtları müxtəlifləşdirilməli, müəyyən koordinasiyalı şəkildə planlaşdırılmalıdır. Bu yanaşma tıxacların azalmasına mühüm töhfə verə bilər. 

Təbii ki, digər önləyici tədbirlər də bu prosesdə əhəmiyyətli rol oynaya bilər. Burada əsas diqqət iş saatlarının azaldılmasına deyil, iş qrafiklərinin müxtəlifləşdirilməsinə yönəldilməlidir. Bu, daha effektiv və real nəticə verə biləcək yanaşmadır”.