NIPA-30

8 Noyabr tariximizin ən şanlı, ən qürurlu səhifəsidir – AMİP

8 NOYABR – BÖYÜK ZƏFƏR GÜNÜNÜN 5-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AMİP -in BƏYANATI.
Bu gün – 8 Noyabr – tariximizin ən şanlı, ən qürurlu səhifəsi, xalqımızın otuz illik həsrətinə son qoyan Böyük Zəfər Gününün 5-ci ildönümüdür! Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) olaraq, Vətən Müharibəsində qazanılan bu misilsiz Qələbə münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!  Beş il öncə, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının bir yumruq kimi birliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, milli qürurumuzun təntənəsi yaşandı. Bu, Azərbaycan dövlətçiliyinin və milli ruhunun ən yüksək zirvəsi idi.
Bu müqəddəs Zəfər, Şəhidlərimizin, Qazilərimizin canı,qanı bahasına əldə edilmişdir. Biz, Azərbaycan Milli İstiqlal Partiyası olaraq, Vətən uğrunda canından keçən bütün qəhrəman Şəhidlərimizi dərin ehtiramla, minnətdarlıq və qürur hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirik. Bütün Qazilərimizə isə Tanrıdan şəfa, cansağlığı və uzun ömür diləyirik.
Qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Quruculuq İşləri isə bu Zəfərin davamlılığının və Azərbaycanın iqtisadi-siyasi qüdrətinin növbəti sübutudur. Yeni hava limanları, yollar, şəhərlər – bütün bunlar işğalın izlərini silməklə yanaşı, Məcburi köçkünlərimizin tezliklə doğma yurdlarına qayıtması üçün möhkəm təməl yaradır.
Bu Böyük Qələbənin əbədi və davamlı olması üçün Xalq-Dövlət Birliyi bundan sonra da ən vacib prinsipimiz olacaqdır. Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, biz Milli İstiqlalçılar ailəsi olaraq, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılması naminə qətiyyətimizi davam etdirəcək, hər zaman Ali Baş Komandanın, Ordumuzun ətrafında sıx birləşərək, Vətənimizin gələcək inkişafına dəstək olacağıq.
Azərbaycanın qüdrətli Qələbəsi bölgədə yeni geosiyasi reallıq yaratmışdır. İndi əsas məqsəd Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasıdır. Biz inanırıq ki, Azərbaycanın bu istiqamətdə atdığı qətiyyətli və ardıcıl addımlar regionda yeni əməkdaşlıq mühitinin yaranmasına, rifahın və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.
Bir daha  xalqımızı  bu müqəddəs Zəfər Günü münasibətilə təbrik edirik!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!