NIPA-30

Milli və siyasi birliyin qələbəsi

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm, şanlı Qələbədən beş il ötür. Bu tarix Azərbaycan xalqının qətiyyətinin, sarsılmaz iradəsinin və yenilməz ruhunun təntənəsi, tariximizin qızıl hərflərlə yazılmış ən parlaq səhifəsidir. 8 Noyabr Azərbaycan xalqının tarixində elə bir gündür ki, əsrlər boyu fəxrlə anılacaq. Həmin gün təkcə torpaqlarımızı işğaldan azad etmədik, həm də dövlət və millət olaraq iradəmizi, qüdrətimizi və birliyimizi bütün dünyaya göstərdik! 

Təbii ki, Vətən müharibəsinin əsas qəhrəmanı bütövlükdə Azərbaycan xalqı,  şanlı Azərbaycan Ordusu, qəhrəman zabit və əsgərlərimizdır. Amma o da danılmaz faktdır ki, hər bir qalib xalqın və ordunun başında bir qəhrəman Lider dayanır. Bu mənada əldə etdiyimiz möhtəşəm qələbənin təməlində ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən Liderliyi dayandı. Otuzillik işğala son qoymaq üçün göstərilən siyasi iradə, illər boyu qurulan güclü iqtisadiyyat və müasir ordu quruculuğu birmənalı olaraq Zəfərimizin qarantı oldu. Ali Baş Komandanın “dəmir yumruq” siyasəti düşmənin təxribatlarına verilən ən layiqli cavab idi. Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq müzəffər ordumuza başçılıq etməklə yanaşı həm də informasiya müharibəsinə bilavasitə rəhbərlik etdi, 44 gün ərzində müxtəlif xarici KİV-ə verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini bütün dünyaya eşitdirdi. Onun hər bir çıxışı, o cümlədən müharibənin gedişində verdiyi qərarlar xalqımızın və əsgərimizin döyüş ruhunu yüksəltdi, ordunun qələbə əzmini daha da sarsılmaz etdi. 

Bu Liderliyin ən böyük mükafatı isə o oldu ki, Azərbaycanın igid əsgər və zabitləri Ali Baş Komandanın “İrəli!” əmrini tərəddüd etmədən canla-başla yerinə yetirərək, çətin relyefli ərazilərdə düşmənin on illərlə qurduğu və keçilməz hesab etdiyi müdafiə xətlərini yararaq misilsiz şücaət göstərdilər. Vətən torpağının hər qarışı uğrunda şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə yazılan yeni bir qəhrəmanlıq dastanı yarandı. Xüsusilə də Qarabağın baş tacı olan Şuşanın azad edilməsi unikal hərbi əməliyyat olaraq dünya hərb tarixinə düşdü və müharibənin taleyini həll etdi. Bu möhtəşəm qələbə ordumuzun peşəkarlığının, mənəvi-psixoloji hazırlığının və qələbə əzminin ən böyük sübutudur. 

44 günlük Vətən müharibəsi eyni zamanda Azərbaycan xalqının sarsılmaz birliyini nümayiş etdirdi. Siyasi baxışlarından, sosial vəziyyətindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, xalqımızın bütün nümayəndələri Prezidentin, Ali Baş Komandanın ətrafında “bir yumruq” kimi birləşdi. Bu birlik həm döyüş meydanında, həm də arxa cəbhədə özünü göstərdi. Hər kəs harada olmasından asılı olmayaraq, öz dəstəyini, inamını və həmrəyliyini nümayiş etdirdi ki, bu da Azərbaycanın ən böyük mənəvi gücünün nümayişi idi. Müharibənin gedişində xalq-iqtidar birliyi Zəfərin təməl daşı oldu, düşmənə qarşı aparılan haqq mübarizəsində Azərbaycan dövlətinin və millətinin monolit olduğunu bir daha bütün dünyaya sübut etdi. 

8 Noyabr – Zəfər Gününün 5-ci ildönümündə azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu ərazilərə həyatın geri qayıtması möhtəşəm Qələbəmiznin davamıdır. Şəhidlərimizin qanı ilə suvarılan, qazilərimizin əzmi ilə qazanılan bu Zəfər həm də müstəqil Azərbaycan dövlətçiliyinin və milli qürurumuzun əbədi rəmzi olaraq müasir tariximizə qızıl hərflərlə yazılmışdır.

Bizə bu qüruru yaşadan şəhidlərimizə Uca Tanrıdan rəhmət, qazilərimizə cansağlığı diləyi ilə “Qələbəmiz mübarək, müstəqilliyimiz və suverenliyimiz əbədi olsun!” deyirik. 

Arzuxan ƏLİZADƏ,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri,  Milli Məclisin deputatı