NIPA-30

Arzuxan Əlizadə: “Konkret olaraq Rusiya və Fransa Qarabağı Ermənistana birləşdirmək istəyirdi”

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib ki, Ermənistanın arxasında duran bəzi dövlətlərin məqsədi Qarabağı Ermənistana birləşdirmək idi:

“Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək, onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi”.

Maraqlıdır, burada söhbət hansı dövlətlərdən gedir? Konkret hansı dövlətlər Qarabağı Ermənistana birləşdirmək istəyirdi?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a açıqlamasında bildirdi ki, burada söhbət bəzi həmsədr ölkələrdən gedr: “Konkret olaraq ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən ikisi – Rusiya və Fransa Qarabağı Ermənistana birləşdirmək istəyirdi. Düzdür, bu, heç də o demək deyildi ki, Birləşmiş Ştatlar Azərbaycanın tərəfində idi. Təbii ki, yox. Ancaq ABŞ Rusiya və Fransa qədər Ermənistanın tərəfində deyildi. Üstəlik, ABŞ-da hakimiyyətlər dəyişdikcə, bu, Vaşinqtonun siyasətində özünü göstərirdi. Məsələ ondadır ki, Demokratlar Partiyası hakimiyyətdə olanda ABŞ ermənipərəst siyasətə ağırlıq verirdi. Məsələn, Demokrat Partiyasını təmsil edən Barak Obamanın (2009-2016) prezidentliyi dönəmində “Sürix protokolları” imzalandı. Məqsəd Qarabağ məsələsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərini açmaq idi. O zaman ABŞ Türkiyəyə bununla bağlı güclü təzyiqlər göstərirdi. Məhz elə buna görə də 2009-cu ildə “Sürix protokolları” imzalandı. Ancaq Azərbaycanın ciddi səyləri nəticəsində bu, baş tutmadı və həmin qərar kağız üzərində qaldı. Ermənipərəst siyasət demokrat Cozef Baydenin prezidentliyi dönəmində daha qabarıq və ifrat formada özünü göstərdi. ABŞ-da Respublikaçılar Partiyası hakimiyyətdə olanda isə, erməni lobbisinin maraqları nəzərə alınmırdı. Məhz Respublikaçılar Partiyası hakimiyyətdə olanda 907-ci düzəliş donduruldu, Azərbaycan 44 günlük Vətən müharibəsi apararaq ərazilərini işğaldan azad etdi. Rusiya və Fransa isə hər zaman maraqlı olub ki, Azərbaycan zaman keçdikcə işğalla barışsın. Nəticədə Qarabağın Ermənistana birləşdirilməsi həyata keçirilsin. Xüsusən Rusiyanın praktiki dəstəyi olmasaydı Birinci Qarabağ müharibəsində Ermənistan ərazilərimizi işğal edə bilməzdi. Şükürlər olsun ki, həmsədrlərin planları fiaskoya uğradı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi”.