NIPA-30

Azərbaycanın İsveçrəsi – Kəlbəcər!

“Kəlbəcər Azərbaycanın ən səfalı bölgələrindən biridir və çox vaxt hətta İsveçrə ilə müqayisə olunur”.

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress TV-yə deyib. 

Onun sözlərinə görə, Kəlbəcər tezliklə böyük turizm məkanına çevriləcək:

“İnanıram ki, hazırda sürətlə qurulan infrastruktur Kəlbəcəri gələcəkdə bütün dünyaya tanıdacaq. Rayonun çox zəngin florası, yeraltı və yerüstü təbii sərvətləri var. Zod qızıl mədəni, “İstisu” və digər unikal təbii resurslar Kəlbəcəri yaxın illərdə daha da cazibədar turizm mərkəzinə çevirəcək. Bu, böyük potensiala malik bir bölgənin inkişaf yoludur”.

Deputat xatırladıb ki, Kəlbəcər 27 il boyunca tamamilə viran qoyulub:

“Tarixə baxanda görürük ki, 1993-cü il aprelin 2-də Kəlbəcər işğala məruz qaldı və Azərbaycanın ən strateji nöqtələrindən biri olduğuna görə ciddi itki idi. Rayon Ermənistan və Göyçə ilə bilavasitə sərhəddə yerləşir. İşğal dövründə ermənilər Laçın yoluna paralel olaraq Kəlbəcərdən də özlərinə marşrut açmış, 27 il ərzində bölgəni tamamilə dağıdıb viran qoymuşdular. Heç bir iş görülməmiş, əksinə olan-qalan infrastruktur da məhv edilmişdi”.

O vurğulayıb ki, Ermənistana verilən hər güzəşt dağıntı ilə nəticələnib. 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyimiz böyük Qələbə sayəsində isə Kəlbəcəri geri almaq imkanı yaranıb. 

Parlamentari, həmçinin Kəlbəcərdə aparılan bərpa və infrastruktur layihələrinin bölgənin sürətli inkişafını təmin etdiyini diqqətə çatdırıb:

“Bu gün Kəlbəcərdə geniş bərpa və yenidənqurma işləri aparılır. Regionun turizm, kənd təsərrüfatı və sənaye potensialı çox yüksəkdir. Alternativ yolların çəkilməsi, Toğana–Kəlbəcər yolunun istifadəyə verilməsi, ölkənin ən uzun tunellərindən birinin tamamlanması bölgəyə qayıdışı daha da sürətləndirir. “İstisu” üzərində emal müəssisəsinin açılması və digər infrastruktur layihələri Kəlbəcərin inkişafına güclü təkan verir”.

Arzuxan Əlizadə sonda əlavə edib ki, bütün bunlar bizə əminliklə deməyə əsas verir ki, Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş, ən çox ziyarət olunan və təbiəti ilə valeh edən bölgələrindən birinə çevriləcək. Bu torpaqlar təkcə bizim üçün deyil, bütün dünya üçün cəlbedici bir turizm məkanına çevrilmək potensialına malikdir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.