NIPA-30

Rəşad Bayramov: “Rüttenin açıqlaması Cənubi Qafqazda strateji əhəmiyyət baxımından balansın dəyişdiyini göstərir”

Azərbaycan və Ermənistan hazırda Gürcüstanla müqayisədə daha əlverişli vəziyyətdədir. Bu barədə NATO-nun baş katibi Mark Rütte verdiyi müsahibədə bildirib.

“Gürcüstanda baş verənlərə qarşı mən heç də sadəlövh deyiləm. Biz çox narahatıq və bunu gürcü tərəfinə açıq şəkildə bildirmişəm. Biz onlarla əməkdaşlıq edirik. Məncə, əməkdaşlıq özü-özlüyündə vacibdir ki, narahatlıqlarımızı izah etmək üçün əlavə kanalımız olsun. Gəlin məsələyə daha geniş baxaq: Gürcüstan var, amma eyni zamanda Ermənistan və Azərbaycan arasında baş verənlər var və görünür ki, onlar daha yaxşı vəziyyətdədirlər – o cümlədən prezident Trampın gördüyü işlər sayəsində. Ona görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim”, – deyə Rütte vurğulayıb.

Göründüyü kimi, NATO baş katibi Gürcüstanın gələcəyi barədə bədbin düşündüyü halda, Azərbaycanla bağlı nikbindir. Bütün bunlar nədən irəli gəlir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Mark Ruttenin “Azərbaycan və Ermənistan hazırda Gürcüstanla müqayisədə daha əlverişli vəziyyətdədir” fikri Cənubi Qafqazın geosiyasi reallıqlarını yenidən dəyərləndirməyə əsas yaradan mühüm bəyanat kimi qəbul oluna bilər. Bu açıqlama, bir tərəfdən Tbilisidə son aylarda müşahidə olunan siyasi dalğalanmaların Qərbdə yaratdığı narahatlığı göstərirsə, digər tərəfdən də Bakı–İrəvan xəttində sakitləşən vəziyyətin Qərb institutları üçün necə strateji dəyər daşıdığını ortaya qoyur. Gürcüstan uzun illər Qərbin regiondakı əsas tərəfdaşı, NATO-ya inteqrasiya xəttində ən irəlidə gedən ölkə kimi qəbul olunmuşdu. Lakin Ruttenin müsahibəsində də vurğuladığı kimi, son hadisələr, yəni ölkə daxilindəki siyasi gərginlik, institusional geriləmə və Qərblə münasibətlərdə qeyri-müəyyənlik Tbilisinin imicinə və etibarlılığına ciddi təsir göstərib. NATO-nun açıq şəkildə “narahatıq” mesajı verməsi Gürcüstanın Qərb platformalarında, xüsusilə də təhlükəsizlik müstəvisində artıq risqli aktor kimi qəbul olunduğuna işarə edir. Bu isə Cənubi Qafqazda strateji əhəmiyyət baxımından balansın dəyişdiyini göstərir. Bunun əksinə olaraq, Azərbaycan və Ermənistan arasında son dövrdə yaranan nisbi sakitlik isə Qərb üçün konstruktiv siqnal olaraq qəbul edilir. Ruttenin vurğuladığı “vəziyyətin yaxşılaşması” fikri daha çox regionda hərbi eskalasiya risqinin azalması, dialoqun davam etməsi və əldə edilən razılşamalarla bağlıdır. O, ABŞ prezidentinin vasitəçilik rolunu xüsusi qeyd etməklə Vaşinqtonun Cənubi Qafqazda aktivləşən diplomatik xəttinə işarə edir. Belə ki, ABŞ-ın son vaxtlar Azərbaycan və Ermənistan arasındakı sülh prosesində yaratdığı yeni format və kanallar bütün Qərb alyansı üçün strateji əhəmiyyət daşıyır. NATO üçün bu, həm Rusiyanın regiondakı təsirinin azaldılması, həm də İran faktorunun balanslaşdırılması baxımından vacibdir. Azərbaycanın öz mövqeyini gücləndirməsi də bu kontekstdə diqqətdən yayınmır. Bakı son illər həm enerji təhlükəsizliyi sahəsində, həm də regiondakı kommunikasiya və nəqliyyat layihələrinin mərkəzində dayanmaqla Qərb üçün əvəzolunmaz tərəfdaş obrazını möhkəmləndirib. Ermənistanın isə yeni xarici siyasət kursu – Rusiya ilə gərginləşən münasibətlər, Qərbə inteqrasiya meylləri, təhlükəsizlik arxitekturasını yenidən qurmaq cəhdləri – NATO üçün yeni imkan pəncərəsi açır. Bu mənzərə fonunda Azərbaycan və Ermənistanın “nisbətən daha əlverişli” vəziyyətdə görünməsi təsadüfi deyil. Düşünürəm ki, Ruttenin sözləri həm də siyasi mesaj funksiyası daşıyır. NATO faktiki olaraq Gürcüstana xəbərdarlıq edir ki, Qərbə inteqrasiya üçün yalnız coğrafi mövqe kifayət etmir, siyasi sabitlik, demokratik institutlar və ən əsası Qərblə uzlaşan dövlət idarəçiliyi tələb olunur. Eyni zamanda, Azərbaycan və Ermənistana ünvanlanan mesaj ondan ibarətdir ki, sülh və dialoq prosesi davam etdirildiyi təqdirdə onlar regionun əsas strateji tərəfdaşları statusunu daha da möhkəmləndirə bilər. Beləliklə, Ruttenin bəyanatı faktiki olaraq regionun yeni geosiyasi xəritəsini təsvir edir. Gürcüstan qeyri-müəyyənlik xəttinə sürüşür, Azərbaycan və Ermənistan isə fərqli səbəblərlə də olsa Qərb üçün “stabil potensial aktorlar” kimi qiymətləndirilir. Bu isə Cənubi Qafqazın yaxın illərdə təhlükəsizlik arxitekturasının necə qurulacağı barədə verilmiş mühüm siqnal kimi də qəbul oluna bilər”.