Rusiya diaspor “kart”ından Azərbaycana qarşı təzyiq kimi istifadə edir
Son günlər Rusiya ərazisində Azərbaycan diaspor nümayəndələrinə qarşı müşahidə olunan ardıcıl təzyiq dalğası bu proseslərin təsadüfi və ya ayrı-ayrı hüquqi hallar olmadığını göstərir. Xüsusilə Yekaterinburqda diaspor lideri olan Şahin Şıxlinskinin həbsi və məhkəmə prosesinin süni şəkildə uzadılması Moskvanın Bakıya qarşı birbaşa diplomatik kanallar əvəzinə, dolayı və daha həssas təsir mexanizmlərdən istifadə etdiyinə dair ciddi suallar yaradır. Müşahidəçilərin fikrincə, bu yanaşma diasporu ölkələrarası körpü deyil, siyasi alətə çevirmə cəhdinin açıq nümunəsidir.
Məhkəmə prosesinin gedişi və seçici xarakter daşıyan hüquqi addımlar isə məsələnin kriminal çərçivədən çıxdığını, siyasi qərarların hüquq müstəvisində icra edildiyini göstərir. Bu kontekstdə Şıxlinski işi təkcə bir diaspor fəalının taleyi deyil, Moskvanın Bakıya ünvanladığı daha geniş siyasi mesajın tərkib hissəsi kimi dəyərləndirilir.
Crossmedia.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib:
Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə:
“Təbii ki, Rusiyadan gözləntilərimiz var, xüsusilə də Düşənbə görüşündən sonra. Prezident Putinin verdiyi vədlər, öhdəliklər və görüləcək işlərlə bağlı səsləndirdiyi fikirlər bu gözləntiləri formalaşdırmışdı. Əslində, bu gözləntilər var idi və indi də tam aradan qalxmayıb. Çünki hələ bir il tamam olmayıb, amma artıq bu müddətin bitməsinə çox az vaxt qalıb. Xatırladım ki, Dekabrın 25-də təyyarəmizin vurulması hadisəsinin bir ili tamam olacaq. Putin Düşənbədə bu məsələ ilə bağlı növbəti dəfə münasibət bildirdi, təzminat və digər məsələlərin həll olunacağını dedi. Lakin faktiki olaraq ortada heç bir real nəticə yoxdur. Əksinə, hazırda gördüyümüz mənzərə ondan ibarətdir ki, təkcə Yekaterinburqdakı diaspora rəhbərimiz Şahin Şıxlinski deyil, onun oğlu da həbsdədir. Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən digər diaspora rəhbərlərimiz barəsində də cinayət işləri açılıb, bəziləri həbs olunub. Deportasiya edilən iş adamlarımız var, bir çox sahibkarların əmlakına əl qoyulub, bizneslərinə qarşı təzyiqlər davam edir”.
Deputat qeyd edib ki, faktiki olaraq azərbaycanlılara qarşı təzyiq davam edir və bu, dolayı yolla Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə olunur: “Rusiya köhnə metodlara yenidən qayıtmağa çalışır. Bu prosesdə səsləndirilən bəyanatlarda səmimiyyət olmadığı açıq şəkildə görünür və bu gün də həmin səmimiyyət yoxdur. Son vaxtlar guya Azərbaycanda saxlanılan bir neçə Rusiya vətəndaşı ilə bağlı, casusluq və digər ittihamlar əsasında onların azadlığa buraxılması üçün cəhdlər edilir. Lakin burada əsas addım ilk növbədə Rusiya tərəfindən atılmalıdır. Çünki münasibətlərin gərginləşməsinin əsas səbəbkarı məhz Rusiyadır. Əgər Rusiya Prezidenti Putin səsləndirdiyi fikirlərin reallaşmasını istəyirsə, bunun üçün konkret addımlar atmalı və müvafiq strukturlara tapşırıqlar verməlidir. Bu addımlar sözdə yox, əməldə özünü göstərməlidir. Azərbaycanla münasibətdə real yumşalma olacaqsa, səmimi şəkildə əl uzadılacaqsa, Azərbaycan da bu əli geri çevirməyəcək. Ancaq mövcud münasibət davam etdikcə, heç bir halda münasibətlərin yaxşılaşdığını demək mümkün deyil. Azərbaycana qarşı siyasətdə dəyişiklik baş verdiyini də iddia edə bilmərik. Düşənbə görüşündə Putinin səsləndirdiyi fikirlər müəyyən ümidlər yaratdı, dövlətlərarası münasibətlərin normallaşacağına dair gözlənti formalaşdırdı. Lakin təəssüf ki, bu gün həmin ümidlərin reallıqda təsdiqini görmürük”.
A.Əlizadə son olaraq bildirib ki, Rusiya prosesi daha da dərinləşdirməyə çalışır: “Diaspora rəhbərlərimizin – xüsusilə Şahin Şıxlinskinin və digərlərinin adlarının cinayət işləri ilə ictimailəşdirilməsi, onların diqqət mərkəzinə çıxarılması Azərbaycana qarşı yeni təzyiq dalğası yaratmaq məqsədi daşıyır. Lakin bu siyasət nəticə verməyəcək. Azərbaycan Rusiya ilə münasibətlərin normal, sağlam məcrada davam etməsində maraqlıdır. Amma bu münasibətlər yalnız bərabərhüquqlu əsasda mümkündür. Əgər bizə düşmən münasibət sərgilənərsə, qarşılığında da eyni mövqe ilə üzləşəcəklər”.